Təmayül sinifləri repetitor xərcini azalda bilər

13.10.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Müasir təhsil sisteminin əsas prioritetlərindən biri şagirdlərin fərdi qabiliyyətlərinin, maraqlarının və potensialının vaxtında müəyyənləşdirilərək düzgün istiqamətləndirilməsidir. Bu baxımdan, təmayül sinifləri ümumi orta təhsil səviyyəsindən tam orta təhsil səviyyəsinə keçid mərhələsində mühüm rol oynayır.

Təmayül siniflərinə artan marağın səbəbləri və üstünlükləri barədə təhsil eksperti İlqar Orucov Modern.az-a açıqlamasında danışıb. Onun sözlərinə görə, bu siniflərə marağın yüksək olması şagirdlərin gələcək karyera hədəflərinə daha erkən mərhələdə fokuslanmaq və vaxtlarını səmərəli dəyərləndirmək istəyi ilə bağlıdır.

Ekspert bildirib ki, diferensial təlim modelinə əsaslanan bu sistem şagirdlərin seçdikləri ixtisas istiqaməti üçün daha az əhəmiyyət daşıyan fənlərə sərf etdikləri vaxtı azaltmağa, əsas diqqəti isə ali təhsil müəssisələrinə qəbul zamanı vacib olan fənlərə yönəltməyə imkan verir.

Onun sözlərinə görə, təmayül siniflərini ənənəvi siniflərdən fərqləndirən əsas cəhətlərdən biri fənlərin və dərs saatlarının optimallaşdırılmasıdır. Ənənəvi siniflərdə şagirdlər 15-dən çox fənni öyrəndikləri halda, təmayül siniflərində fənlərin sayı 8-9-a qədər azaldılır. Şagirdin seçdiyi istiqamətə — texniki, humanitar, təbiət elmləri və ya iqtisadiyyat sahəsinə uyğun fənlərin tədris saatları artırılır və həmin fənlər daha dərindən öyrədilir. Digər fənlər isə ümumi məlumat xarakterli proqram əsasında tədris olunur.

İlqar Orucov qeyd edib ki, təmayül sinifləri məktəbdə tədris olunan fənlərlə ali məktəblərə qəbul tələbləri arasında uyğunluq yaratmaqla şagirdlərin repetitor hazırlığına ehtiyacını azalda, valideynlərin əlavə təhsil xərclərini aşağı sala bilər. Eyni istiqamət üzrə hazırlaşan şagirdlərin bir sinifdə təhsil alması isə sağlam rəqabət və motivasiya mühitinin formalaşmasına kömək edir.

Ekspertin fikrincə, təmayül təhsili şagirdlərə vaxt və enerjilərindən daha səmərəli istifadə etmək, gələcək ixtisas seçimlərinə erkən hazırlaşmaq və peşəkar inkişaflarının təməlini məktəb illərindən qoymaq imkanı yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью