Təmirdən yağ dəyişənə qədər: Kiçik servislər bazardan çıxarılır?

15.07.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması ilə bağlı yeni təklif irəli sürülüb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Fərid Kazımov Bakıda keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı tədbirdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, bu, yalnız aidiyyəti dövlət qurumlarının deyil, ümumiyyətlə, dilerlərin və istifadəçilərin çıxışı ola biləcəyi bir platforma olmalıdır:

“Orada avtomobil ölkəyə daxil olan zaman bütün məlumatlar, təmir məsələləri, qəzalar, avtomobilin sürücüləri kimlər olub və sair qeyd edilməlidir. Belə bir rəqəmsal pasport olsa, zənnimcə, çox yaxşı olar. 

Bu model artıq Avropada tətbiq olunur. Bu, nəyə kömək edəcək? Məsələn, kimsə avtomobili servisdə təmir etdirirsə, həmin servisin təmir məlumatlarını rəqəmsal pasporta daxil etməsi üçün imkanlar yaradılmalıdır. Bu, avtomobil bazarını “boz kölgə"dən bir az daha şəffaf müstəviyə çıxara bilər”.

Bəs yeni sistem bazarda iri servis mərkəzlərinə üstünlük qazandıraraq kiçik təmirxanaların rəqabət imkanlarını zəiflədə bilərmi?

Nəqliyyat eksperti Ərşad Hüseynov “Cebheinfo.az”-a bildirib ki, rəqəmsal pasportlaşdırılma o deməkdir ki, ölkəyə idxal olunan hər bir avtomobilin bütün tarixçəsi vahid sistemdə qeydiyyata alınsın.

“Avtomobilin nə qədər sürüldüyü, kimin istifadəsində olduğu, yol-nəqliyyat hadisəsinə düşüb-düşmədiyi, düşübsə hansı zədələrin yarandığı, həmin zədələrin harada təmir olunduğu, hansı hissələrinin dəyişdirildiyi və s. kimi bütün məlumatlar sistemdə əksini tapmalıdır.

Belə bir sistem ilk növbədə avtoservislərə lazımdır. Servislər bu məlumatları qeydiyyata almaqla avtomobil tarixçəsinin düzgünlüyünü təmin edəcək, bununla da təkcə müştərilərini deyil, həm də bir-birilərini məlumatlandıracaqlar. Məsələn, avtomobil hansısa problemlə servisdədirsə, əvvəlki təmir işləri barədə məlumat digər servis üçün də əlçatan olacaq.

Bu sistemin Azərbaycanda yaxın gələcəkdə qurulacağı gözlənilmir. Çünki bu, kifayət qədər çətin məsələdir. Bunun üçün bütün servislər və bu sahədə fəaliyyət göstərən digər subyektlər öz məlumatlarını mərkəzləşdirilmiş sistemə ötürməyə razı olmalı, bu prosesdə iştirak etməlidirlər. 

Əgər onlardan biri belə sistemə qoşulmasa, bu, ümumi sistemin effektivliyinə mənfi təsir göstərə bilər. Burada hamının iştirakı vacibdir.

Bu sistem heç kimə zərər verməyəcək və heç bir servisin müflis olmasına səbəb olmayacaq.

Sistem qurulduqdan sonra məlumatların daxil edilməsi üçün xüsusi portal yaradılacaq. Məlumatın sistemə işlənməsi cəmi 5-10 dəqiqə vaxt aparacaq. Burada servisin böyük və ya kiçik olmasının fərqi yoxdur. 

İstər bütün təmir-bərpa işləri ilə məşğul olan iri servis olsun, istərsə də yalnız yağ dəyişdirilməsi kimi xidmət göstərən kiçik təmirxana – hər kəs bu sistemdən istifadə edə biləcək. Yəni bu, bütün servislər üçün əlçatan olacaq”.

Ekspert qeyd edib ki, bu sistem özlüyündə hansısa servisə zərər vurmayacaq və bazarda inhisarçılığın yaranmasına səbəb olmayacaq.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: təmir Ərşad Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью