Təmizlik Mədəniyyətin göstəricisidir.

30.08.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas

Təmizlik insanın yalnız ətrafını deyil, qəlbini, düşüncəsini və həyatını gözəlləşdirən mənəvi dəyərdir. O, insanın özünə, sözünə, davranışına və yaşadığı mühitə münasibətində özünü göstərir.

Təmizlik imana, mədəniyyətə və vicdana bağlıdır.

Evini, həyətini və avtomobilini təmiz saxlayan insan yaşadığı küçəni, məhəlləni və şəhəri də qorumağı bacarmalıdır. Çünki insanın mədəniyyəti yalnız öz evinin qapısına qədər deyil, cəmiyyətə münasibətində də görünür.

Avtomobilin pəncərəsindən küçəyə zibil atmaq sadəcə biganəlik deyil, ictimai məsuliyyətsizlik və mədəniyyətsizlikdir. Təmizlik süpürgə ilə deyil, vicdanla başlayır.

Ətrafını çirkləndirən insan təbiətə, cəmiyyətə və gələcək nəsillərə qarşı məsuliyyətini də unudur. Təmiz şəhər yalnız təmizlik işçilərinin zəhməti ilə yaranmır. Onların əməyinə hörmət etmək və gördükləri işi qorumaq hər birimizin borcudur.

Bu məsuliyyət şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş torpaqlarımıza münasibətimizdə də özünü göstərməlidir. Həmin torpaqlara ziyarətə və istirahətə gedən hər bir vətəndaş doğma yurdumuzu əvvəlkindən daha təmiz qoymağa çalışmalıdır. Çünki bu torpaqlar bizə yalnız gəzmək üçün deyil, qorumaq və gələcək nəsillərə əmanət etmək üçün verilib.

Təmizlik yalnız küçənin, parkın, həyətin və evin təmizliyi deyil. Bəzən insanın dilinin də təmizliyə ehtiyacı olur. Qeybət, böhtan, təhqir, yalan və başqasının haqqına girmək sözün və davranışın mənəvi çirklənməsidir.

Təmiz insan yalnız təmiz geyinən deyil; təmiz düşünən, təmiz danışan və təmiz davranandır.

Təmizlik həm də nemətə şükürdür. Suyu israf etməmək, ağacı qorumaq, ictimai əmlaka zərər verməmək, küçəni çirkləndirməmək və başqasının zəhmətinə hörmət etmək cəmiyyətə verdiyimiz kiçik, amma dəyərli töhfələrdir.

Ətrafımızı təmiz saxlamaq -mədəniyyətimizdir.

Qəlbimizi təmiz saxlamaq -mənəviyyatımızdır.

Vicdanımızı təmiz saxlamaq isə-insanlığımızdır.

Sevgi və dualarımla!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью