Təmraz Tağıyev COP31 də panel müzakirədə Fotolar

18.11.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 16-da Türkiyənin Antalya şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində “Binalarda enerji səmərəliliyi: yerli özünüidarəetmə orqanları” mövzusunda panel müzakirə təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və Assosiasiyanın baş məsləhətçisi Rövşən Məmmədov dəvətli qonaq qismində iştirak ediblər.

Paneldə binalarda enerji istehlakının optimallaşdırılması, ekoloji dayanıqlılığın təmin edilməsi və yerli idarəetmə səviyyəsində iqlim siyasətinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı çıxış edən Təmraz Tağıyev qeyd edib ki, dayanıqlı şəhər mühitinin yaradılması üçün enerji resurslarından səmərəli istifadə və binalarda enerji itkilərinin azaldılması prioritet istiqamətlərdən biri olmalıdır. Onun sözlərinə görə, bu prosesdə bələdiyyələrin iştirakı xüsusi əhəmiyyət daşıyır. Belə ki, yerli özünüidarəetmə orqanları əhalinin gündəlik ehtiyaclarını və ərazilərin xüsusiyyətlərini nəzərə alaraq ekoloji təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verə bilərlər.

AŞBMA sədri Azərbaycanda bələdiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlara da toxunub. Bələdiyyələrin institusional və maliyyə imkanlarının genişləndirilməsi, yerli resursların idarə edilməsinin təkmilləşdirilməsi və rəqəmsal idarəetmə alətlərinin tətbiqinin bu sahədə mühüm əhəmiyyət daşıdığını bildirib.

Təmraz Tağıyev vurğulayıb ki, bələdiyyələrin ekoloji təşəbbüsləri yalnız öz inzibati binalarında enerji qənaətinin təmin edilməsi ilə məhdudlaşmamalıdır. İctimai binalarda enerjiyə qənaət edən texnologiyaların təşviqi, müasir işıqlandırma sistemlərinin tətbiqi, yaşıllıq sahələrinin artırılması və əhali arasında ekoloji maarifləndirmənin gücləndirilməsi də yerli idarəetmənin əsas fəaliyyət istiqamətlərindən olmalıdır.

Çıxışda, həmçinin bələdiyyələrin bu sahədə daha səmərəli fəaliyyət göstərməsi üçün onların texniki bilik və maliyyə imkanlarının artırılmasının, beynəlxalq təcrübəyə çıxışının təmin edilməsinin vacibliyi qeyd olunub. Enerji səmərəliliyi üzrə yerli fəaliyyət planlarının hazırlanması və bərpaolunan enerji həllərinin təşviqi də bələdiyyələrin töhfə verə biləcəyi istiqamətlər sırasında göstərilib.

Sonda COP31-in yerli özünüidarəetmə orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Təmraz Tağıyev Azərbaycan bələdiyyələrinin bu prosesdə fəal iştirak etməyə, beynəlxalq təşəbbüslərə töhfə verməyə və əldə etdikləri təcrübəni bölüşməyə hazır olduğunu bildirib.















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью