Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
“Dəbdəbəli yas məclislərinin və təmtəraqlı qəbir daşlarının əvəzinə daimi savab qazandıran və xalq üçün fayda gətirən işlər görmək üçün nümunələr lazımdır. Bu nümunələr də ictimailəşdirilməlidir”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, imkansız tələbələrin təhsil haqqını ödəmək, çarəsiz xəstələrin müalicəsinə ianə etmək, küçədə qalanların kirayəsinə yardım etmək, yol, su çəkilməsinə kömək etmək və bu kimi xeyriyyə işləri görülüb örnəklər geniş şəkildə təbliğ olunmalıdır:
“Bu, reklam deyil, başqalarının da təşviq olunması üçün iz, cığır açmaqdır.Təhsil haqqını ödəyə bilmədiyi üçün övladını təhsil ocağından çıxarmağa məcbur olanlar var. Dilsiz - ağızsız, soyuq daxmasının uçuq divarına söykənib saçını - saqqalını vaxtsız ağardanlar var. Təmtəraqlı yas məclisi qurub yekəqarın adamlara aş-pörtləmə verməkdənsə kasıb bir kəndə gedib, ən azı Şəbnəm Tovuzlu kimi səxavət göstərib nisyə dəftərini bağladanları görsəydim, onda bilərdim ki, insanlıq hələ ölməyib”.
Vasif ƏLİHÜSEYN