Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Avropa İttifaqı (Aİ) Çin onlayn platforması “Temu”nun qanunsuz məhsulların satışına qarşı gördüyü tədbirlərlə bağlı araşdırmanın ilkin nəticələrinə dair açıqlama yayıb.
"Cebheinfo.az" xəbər verir ki, açıqlamada platformanın məhsulların təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlayan nəzarət mexanizmlərinin, məzmun moderasiyası sisteminin və satıcılara tətbiq etdiyi sanksiyaların yetərsiz olduğu bildirilib.
“Temu”nun satıcılardan məhsulların yalnız çox kiçik bir hissəsi üçün sınaq hesabatı tələb etdiyinə diqqət çəkilən açıqlamada, bu hesabatların da əksər hallarda yoxlanılmadığı qeyd olunub. Məlumatda oyuncaqlar, elektron cihazlar və kosmetika kimi yüksək riskli məhsullara fiziki yoxlamalar zamanı üstünlük verilmədiyi, seçmə üsulu ilə aparılan yoxlamaların nəticələrinin isə çox vaxt izlənilmədiyi bildirilib.
Platformada məhsul elanlarının sayı artsa da, yoxlamaların və məzmun moderasiyası ilə məşğul olan əməkdaşların sayının eyni səviyyədə artırılmadığı vurğulanıb. Həmçinin məzmun moderasiyası sisteminin məhsulların təhlükəsizliyindən daha çox elanlarda yer alan məlumatlara diqqət yetirdiyi qeyd olunub.
Sanksiyaların satıcılara deyil, mağazalara tətbiq edilməsinə diqqət çəkilən açıqlamada, mağazası bağlanan bir satıcının digər mağazaları vasitəsilə satışlarını davam etdirə bildiyi bildirilib.
Açıqlamada “Temu”nun ilkin nəticələrə qarşı yazılı müdafiə təqdim edə biləcəyi qeyd olunub.Rəqəmsal Xidmətlər Aktının (DSA) pozulması yekun qərarla təsdiqlənərsə, şirkətin qlobal illik dövriyyəsinin 6 faizinə qədər cərimələnə biləcəyi vurğulanıb.
Qeyd edək ki, Avropa Komissiyası may ayında Rəqəmsal Xidmətlər Aktı çərçivəsində lazımi risk qiymətləndirməsini aparmaq öhdəliyini pozduğuna görə “Temu”nu 200 milyon avro məbləğində cərimələmişdi.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin