Temu sifarişləri niyə gecikir? RƏSMİ AÇIQLAMA

23.01.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər "Temu" sifarişlərində yubanma müşahidə olunur. Belə ki, əvvəllər 1 həftəyə çatdırılan məhsullar, artıq daha gec çatdırılır. Şirkətin müştəri xidmətinə müraciət etdikdə bildirilir ki, bu Azərbaycanın tətbiq etdiyi yeni gömrük qaydaları ilə bağlıdır.
Demokrat.az xəbər verir ki, “Temu”dan verilən cavaba görə Azərbaycanın yerli gömrük orqanlarının yoxlama prosedurlarında edilən dəyişikliklər səbəbindən ölkəyə daxil olan bütün bağlamaların gömrükdən keçmə müddəti uzanıb. Şirkət bildirir ki, bu səbəbdən bəzi sifarişlərdə gecikmələr müşahidə olunur və bu hal beynəlxalq daşınma prosesində zaman-zaman baş verə bilən adi vəziyyət kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Demokrat.az Dövlət Gömrük Komitəsinə rəsmi sorğu ünvanlayıb.
Komitədən sorğumuza cavab olaraq bildirilib ki, “Temu”nun təqdim etdiyi məlumatlar aidiyyəti qurumlar tərəfindən araşdırılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hazırda gömrük sahəsində hər hansı yeni qayda və ya siyasət dəyişikliyi qüvvəyə minməyib. Mövcud prosedurlar əvvəlki qaydada davam etdirilir və istifadəçilər üçün əlavə məhdudiyyətlər tətbiq olunmayıb. Bağlamaların yoxlanılması prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir və təhlükəsizlik, eləcə də nəzarət mexanizmləri dəyişməz olaraq qalır. 
Qeyd edək ki, əvvəlki dövrlərdə bağlamalar gömrüyə çatdığı gün ərzində, adətən axşam saatlarına qədər karqo şirkətlərinə təhvil verilirdi.
Leyla Turan 
Demokrat.az

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью