Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tənhalıq ürək-damar xəstəliklərinin yaranma riskini artıra bilər.
Bu barədə Gazeta.ru-ya bərpa təbabəti üzrə həkim, nevroloq və Sistemli Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov məlumat verib.
Həkimin sözlərinə görə, bu, tənhalığın xəstəliklərin yeganə səbəbi olduğu anlamına gəlmir. Sağlamlığa həyat tərzi, tibbi yardıma çıxış imkanları və digər amillər də təsir göstərir.
Mamatov qeyd edib ki, az ünsiyyət quran və sosial dəstəkdən məhrum olan insanlar gündəlik rejimə əməl etməkdə, gəzintiyə çıxmaqda, fiziki aktivliyi qorumaqda və zövq aldıqları məşğuliyyətlərə vaxt ayırmaqda daha çox çətinlik çəkə bilərlər. Bu isə orqanizmin ümumi vəziyyətinə mənfi təsir göstərə bilər. Həkim vurğulayıb ki, gündə cəmi 30 dəqiqə gəzmək belə sağlamlıq üçün faydalıdır.
Mütəxəssis uzunmüddətli tənhalığın depressiya və təşviş hallarının yaranma riskinin artması ilə də əlaqəli olduğunu bildirib. Onun fikrincə, insanın dərdini bölüşə və dəstək ala biləcəyi birinin olmaması gündəlik çətinlikləri daha ağır yaşamasına səbəb ola bilər.
Həkim, həmçinin tənhalığın demensiya riskinin artması ilə əlaqələndirildiyini qeyd edib. Bununla belə, ünsiyyət çatışmazlığının hər bir insanda birbaşa demensiyaya səbəb olduğunu söyləmək düzgün deyil. Beyin sağlamlığının qorunmasında sosial əlaqələrlə yanaşı, fiziki aktivlik, damar xəstəlikləri üzrə risk amillərinə nəzarət və eşitmə problemlərinin aradan qaldırılması da mühüm rol oynayır.
Mamatovun sözlərinə görə, sağlamlıq yalnız düzgün qidalanma, yuxu və fiziki aktivlikdən asılı deyil. İnsanın sosial mühiti, dəstək ala bilməsi, çətinliklərini bölüşməsi və maraqlarını başqaları ilə paylaşması da böyük əhəmiyyət daşıyır.
O, insanları daim başqalarının əhatəsində olmağa məcbur etməməyə çağırıb. Əsas məsələ insanın özünü rahat hiss etdiyi və başqaları ilə əlaqə qura bildiyi ünsiyyət formasını tapmasıdır. /oxu.az/