Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Cəmiyyətdən təcrid olunmuş erkək siçanlar artıq bir həftədən sonra spirtli içkiyə meyllilik nümayiş etdiriblər. Məlum olub ki, tənhalıq erkəklərin beynində emosiya mərkəzi ilə beyin qabığı arasındakı neyron əlaqələrini yenidən formalaşdırıb. Dişilərdə isə bu effekti müşahidə etməyiblər.
Sosial təcridin və onun yaratdığı stresin insanlarda və heyvanlarda alkoqol qəbulu riski ilə əlaqəsi əvvəllər də məlum idi. Lakin ünsiyyət çatışmazlığının beynin işinə dəqiq necə təsir etdiyi və məməlilərin neyrobioloji baxımdan niyə psixoaktiv maddələrdə təsəlli axtardığı qaranlıq qalırdı.
"Nature Neuroscience" jurnalında dərc olunan tədqiqatın müəllifləri öncə siçanları qruplarla saxlayıb, sonra isə bəzi fərdləri 14 gün müddətinə təkadamlıq qəfəslərə keçiriblər. Təcrübə olunanlara hər gün seçim üçün adi su və 15 faizlik spirt məhlulu təklif edilib. Beynin reaksiyasını daxilə yerləşdirilmiş mikrolinzalar vasitəsilə, flüoresent nişanların köməyi ilə izləyiblər. Bu, siçanın içmək qərarı verdiyi anlarda fərdi neyronların aktivliyini qeydə almağa imkan verib.
Növbəti mərhələdə alimlər, siçan su qabına yaxınlaşmaq qərarı verdiyi anda lazere köməyi ilə badamvari bədən (badamcıq) və beyin qabığı arasında siqnalların ötürülməsinə nəzarət etmək üçün neyronlara işığa həssas zülallar daxil ediblər.
Tənhalığın effekti erkək və dişilərdə fərqli şəkildə özünü göstərib. Erkəklər təcridin yeddinci gününə doğru içilən spirtin həcmini artırıblar, dişilər isə əksinə, daha az içməyə başlayıblar. Müşahidələr göstərib ki, tək qalan erkəklərdə bazolateral badamcıq (emosiya və stresə cavabdeh olan zona) ilə medial prefrontal qabıq (davranışa nəzarət və qərarqəbuletmə mərkəzi) arasındakı neyron yolu aktivləşib. Dişilərdə isə bu yolun oyanıqlığı əksinə düşüb və onlar alkoqola həvəs göstərməyiblər.
Adi su və alkoqoldan başqa siçanlara çərəz kimi şirinləşdirilmiş su da verilib. Məlum olub ki, təcrid olunmuş erkəklərin beyin qabığı alkoqola reaksiya verərək şirin suya reaksiya verməyi dayandırıb — alkoqol adi xoş stimulları sıxışdırıb çıxarıb. O zaman alimlər tək qalan içki düşkünü siçanların neyron yolunu qrup halında yaşayan adi siçanlarda stimullaşdırmağa başlayıblar və sonuncularda da eyni vəziyyəti yaradıblar.
Sosial baxımdan təmin olunmuş siçanlar "alkoqol" yolunun aktivləşməsinə cavab olaraq qəndə maraqlarını itirib və spirte meyl etməyə başlayıblar. Həm də heyvanlar su qabına daha tez-tez yaxınlaşmırdılar, lakin onların hər içmə epizodu daha uzun çəkirdi və bir dəfəyə daha çox udum edirdilər. Alimlər əks testi də keçiriblər — lazerlə tək qalan siçanlarda zəncirin aktivliyini təzyiq altına alıblar. Heyvanlar dərhal spirtli içki qəbulunu azaldıblar.
Alimlər standart siçan davranışı testini keçiriblər: siçanların boruda qarşılaşarkən bir-birini necə itələyib çıxardıqlarını izləyiblər. Məlum olub ki, mübarizədə daha tez-tez uduzan və sosial iyerarxiyanın dibində duran siçanlar dominant siçanlara nisbətən daha çox alkoqol içirdilər. Yəni siçanlar həm tənhalıqla, həm də aşağı sosial statusla mübarizə aparmaq üçün alkoqol içirdilər.
Nəticələr göstərib ki, sosial stres beyni "aşağıdan yuxarıya" idarəetməyə keçməyə məcbur edib. Badamvari bədən mənfi vəziyyət haqqında siqnal generasiya edib və beyin qabığını yenidən proqramlaşdıraraq heyvanı stresi dəfələrlə kimyəvi üsulla boğmağa vadar edib.
Hazırladı:
S.ELAY
XQ