Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kulis.az Aydın Talıbzadənin "Onkoloji tənqid və ya tənqidin tarixsiz rudimentləri" adlı essesini təqdim edir.
Tarixdışı tənqid ictimailəşməmiş, sosiallaşmamış, yəni fikrə çevrilməmiş, fikir olub dilə düşməmiş, səsləndirilməmiş tənqiddir, insandan və cəmiyyətdən öncəki tənqiddir, instinktlərin sifarişini gerçəkləşdirmiş tənqiddir, təkamül zəncirini oluşdurmuş, təkamül prosesinin mühərriki vəzifəsini yerinə yetirmiş tənqiddir, canlı orqanizmin beyin fəaliyyətində kodlaşdırılmış tənqiddir.
Qısası, tənqidin ontoloji, fenomenoloji, sosioloji, koqnitiv-psixoloji, fəlsəfi parametrlərini araşdırmağı hədəfləmiş bu risalənin ilk cümlələrinin cövhərində dayanan məntiq bu ki, tarixdışı tənqid bizim hər şeyi və hamını həvəslə tənqid etmək vərdişimizin, şakərimizin genomudur.
Ona görə bu risaləni bir kollayder kimi təsəvvür edin, harada ki mən tənqidi ən kiçik zərrəciklərinə qədər parçalayacağam, ilk tənqid rüşeymini, tənqid genomunu tapmağa çalışacağam və tapan kimi onun əsasında tənqidi yenidən strukturlaşdırıb tarixin bugününə gətirəcəyəm...
Tənqidə alışqanlıq insanda genetikdir.Razılaşaq ki, insanlar tənqid etməyi sevirlər, bundan aşırı zövq alırlar, heç tənqid söylədiklərini ağıllarına belə gətirmədən, fərqinə varmadan tənqid edirlər: səhərdən axşamacan, heç uzağa getmirəm, elə evin içindəcə hər addımbaşı bir-birilərinin səhvini tuturlar, qələtini çıxarırlar, öyüd, nəsihət verməyə məqam axtarırlar.
İnsan bir növ tənqid maşınıdır, tənqid istehsalçısıdır, istər zehinsəl qatda, istər bilincsizlik səviyyəsində, istərsə də emosional-mənəvi planda daim tənqid etməyə hazırdır.İnsanın gündəlik həyatı tənqid rudimentlərilə doludur.
Tənqid darıxan insanın ən ucuz əyləncəsidir: çünki ünsiyyət aktivliyini təmin edir.