Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub.
Bizimyol.info xəbər verir ki, bu barədə “Report” un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlardan 12 nəfər hospitalizasiya edilib, 17-sinə yerində tibbi yardım göstərilib, 3-ü isə hospitalizasiyadan imtina edib.
Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub.
Günvurma hallarında ən çox hansı əlamətlərə rast gəlinir?İnsan orqanizmində hansı proseslər baş verir? Nə zaman həkimə müraciət edilməlidir?Bu barədə Bizimyol.info xəbər portalına danışan terapevt Xumar Novruzova bildirib ki, günvorma zamanı insan çaşqınlıq keçirə, huşunu itirə və qıcolmalar baş verə bilər: “Günvurma uzun müddət günəş altında qalmaq və orqanizmin həddindən artıq qızması nəticəsində yaranır. Ən çox rast gəlinən əlamətlərə güclü baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma və qusma, yüksək bədən hərarəti, nəbzin sürətlənməsi, dərinin isti və quru olması daxildir. Ağır hallarda insan çaşqınlıq keçirə, huşunu itirə və qıcolmalar baş verə bilər. Bu artıq təcili tibbi yardım tələb edən vəziyyətdir”.
Xumar Novruzova deyib: “Normal şəraitdə orqanizm tərləmə və dəri damarlarının genişlənməsi hesabına özünü soyudur. Ancaq həddindən artıq isti havada və ya uzun müddət günəş altında qaldıqda bu mexanizmlər kifayət etmir. Bədən temperaturu 40°C və daha yuxarı qalxa bilər. Bu zaman beyin, ürək, böyrəklər və digər həyati vacib orqanlar zədələnə bilər. Eyni zamanda tərləmə ilə çoxlu maye və elektrolit itirildiyindən susuzlaşma yaranır və qan dövranı pozulur”.
Terapevtin sözlərinə görə, ürək-damar və xroniki xəstəlikləri olan insanlarda günvurma daha ağır keçir: “Əgər insanın bədən hərarəti yüksəkdirsə, huşunda dəyişiklik, çaşqınlıq, huşunu itirmə, qıcolma, nəfəs darlığı, təkrarlayan qusma və ya vəziyyətində sürətlə pisləşmə varsa, dərhal təcili tibbi yardım çağırılmalıdır. Həmçinin uşaqlarda, 65 yaşdan yuxarı şəxslərdə, hamilələrdə, ürək-damar və xroniki xəstəlikləri olan insanlarda günvurma daha ağır keçə bildiyi üçün ilkin əlamətlər zamanı belə həkimə müraciət etmək tövsiyə olunur”.
Xumar Novruzova əlavə edib: “Günvurma şübhəsi olduqda ilk yardım kimi xəstə sərin yerə aparılmalı, artıq geyimləri çıxarılmalı, bədəni sərin su ilə soyudulmalı və huşu yerindədirsə, az-az maye verilməlidir. Huşu pozulmuş şəxsə ağızdan maye vermək olmaz; belə hallarda təcili tibbi yardım mütləqdir”.
Günel Həsənova, Bizimyol.info