Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki qardaş ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində iyulun 31-də Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə mətbuata bəyanatlarla çıxış edərək görüşün nəticələri və gələcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüblər.
Hər iki ölkə başçısı mətbuata bəyanatlarında Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğuladılar. Prezident İlham Əliyev qeyd etdi ki, qarşılıqlı etimad və siyasi iradə sayəsində ikitərəfli əməkdaşlıq bütün istiqamətlər üzrə ardıcıl şəkildə genişlənir və münasibətlər artıq müttəfiqlik səviyyəsində inkişaf edir. Dövlət başçısı bildirdi ki, bu status hər iki ölkənin üzərinə mühüm öhdəliklər qoyur və Azərbaycan gələcəkdə də beynəlxalq təşkilatlar çərçivəsində, iqtisadi, ticarət, investisiya və təhlükəsizlik sahələrində Qırğızıstanla sıx əməkdaşlığı davam etdirmək əzmindədir. O, həmçinin diqqətə çatdırdı ki, səfər zamanı imzalanan sənədlər və əldə edilən razılaşmalar əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinə xidmət edəcək, iki ölkə arasında əlaqələrin uzunmüddətli və davamlı inkişafı üçün yeni imkanlar yaradacaq.
Lalə Məmmədova
YAP Yevlax rayon təşkilatının fəalı