Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Gülşən PAŞAYEVA,Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin üzvü Məlum olduğu kimi, 1992-ci il martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinin (ATƏM) Xarici İşlər Nazirlər Şurasının Helsinkidə keçirilmiş əlavə iclasında ATƏM-in himayəsi altında Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair Minsk konfransının keçirilməsi haqqında qərar qəbul edildi.
Bu konfrans ATƏM-in prinsip, öhdəlik və müddəalarına əsaslanaraq, danışıqlar aparmaq vasitəsilə münaqişənin sülh yolu ilə həll edilməsi üçün daimi fəaliyyət göstərən bir qurum olmalı idi.
Lakin 1992-ci ilin iyununda 11 dövlətin –ABŞ, Almaniya, Belarus Respublikası, Çexiya və Slovakiya Federativ Respublikası (1993-cü il yanvarın 1-də Çexiya və Slovakiya bir-birindən ayrılaraq müstəqil dövlətlərə çevrildilər), Fransa, İsveç, İtaliya, Rusiya Federasiyası, Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilməli olan bu konfrans baş tutmadı.
Elə həmin dövrdən etibarən 11 dövlətin nümayəndələri Minsk qrupu adı altında danışıqlar prosesinə vasitəçilik etməyə başladılar.
1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin qətiyyətli qərarları, apardığı müdrik siyasət nəticəsində 1994-cü ilin mayın 12-də tərəflər arasında atəşkəs haqqında razılıq əldə edildikdən sonra 1994-cü ilin 5-6 dekabr tarixlərində keçirilmiş ATƏM-in Budapeşt Zirvə toplantısında Ermənistan–Azərbaycan münaqişəsinə vasitəçilik edən Minsk qrupunun həmsədrlik institutu təsis edildi.
İlk olaraq bu təsisata iki həmsədr təyin edildi.1997-ci ilin yanvarın 1-dən isə ATƏT-in Minsk qrupuna Rusiya Federasiyası, Fransa və ABŞ həmsədrlik etməyə başladılar.
Eyni zamanda, ATƏT çərçivəsində bu münaqişə ilə məşğul olan daha iki təsisat – Vyanada üzv dövlətlərin hərbi ekspertlərindən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma qrupu və Tbilisidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi yaradıldı.