Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs oluna bilər.
Bu məqsədlə “Ermənistan” blokundan baş nazir postuna namizəd Robert Köçəryana qarşı təzyiqlər başlanılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Robert Köçəryanın həbs edilməli olduğunu deyib:
“1 mart 2008-ci il hadisələri ilə bağlı bütün faktlar mövcuddur. “1 mart işi” 100 faiz açılıb”, - deyə Nikol Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistanın hüquq-mühafizə sistemi sabiq prezident Robert Köçəryanı hüquqi məsuliyyətə cəlb etməlidir. Bir sözlə, Robert Köçəryan həbsxanada oturmalıdır:
“Günahkarlar cəzalandırılmalıdır. Bütün faktlar var və 1 mart hadisəsinin Robert Köçəryan tərəfindən təşkil edildiyi aydındır və o, birmənalı şəkildə cavab verməlidir”.
Paşinyanın sözlərinə görə, AİHM-in qərarında açıq şəkildə bildirilir ki, 1 mart 2008-ci ildə baş verənlər dövlət tərəfindən təşkil olunub və buna cavab verilməlidir.
Xatırladaq ki, 2008-ci il martın 1-də Levon Ter-Petrosyanın liderliyi ilə Ermənistanda prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqin iştirakçıları Robert Köçəryanın əmri ilə atəşə tutulub. Nəticədə, 10 nəfər ölüb, 180 nəfər yaralanıb.
Mayın 14-də Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun Spitakdakı ofisində də axtarış aparılıb. Əməliyyat zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir.
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi hələlik məsələ ilə bağlı açıqlama verməyib. Həm Paşinyanın açıqlaması, həm də “Ermənistan” blokunun ofisində aparılan həbslər iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginliyin artmasından xəbər verir.
Bu kontekstdə Robert Köçəryanın həbs olunacağı istisna edilmir. Müxalifətin əsas güc mərkəzlərindən birinə rəhbərlik edən rusiyalı milyarder Samvel Karapetyanın həbsdə olması Köçəryana mühafizəkar elektoratı öz tərəfinə çəkmək imkanı yaradır.
Üstəlik, Karapetyanın Rusiya və Kipr vətəndaşı olması, eyni zamanda barəsindəki cinayət işi onu deputat mandatından məhrum edir. Ona görə də Köçəryan hazırda Rusiyanın dəstəyini almağa və müxalifətin əsas namizədi kimi Paşinyan hakimiyyətinə siyasi alternativə çevrilməyə çalışır.
Son zamanlar Ermənistanda Rusiya və Qərb arasında artan geosiyasi ziddiyyətlər rəsmi Moskvanın Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq planları ilə müşahidə olunur.
Nikol Paşinyanın tədricən Rusiya ilə müttəfiqlik münasibətlərini, eləcə də Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi Kremlə bağlı təşkilatları Avropa İttifaqına dəyişmək siyasəti ikitərəfli münasibətləri gərginləşdirib.
Seçkilərdən sonra Paşinyanın çoxvektorlu xarici siyasətini Qərbə daha sıx inteqrasiya kursu ilə əvəz edəcəyi gözlənilir. Köçəryanın fəallaşması da məhz bununla bağlıdır. Eks-prezident hakimiyyətə gələcəyi təqdirdə Rusiyanın regional maraqlarını təmin edəcəyinə dair mesaj verir.
Ona görə də Rusiyanın Köçəryanı seçkilərin qalibi etmək üçün hər cür təhlükəli vasitələrdən istifadə edəcəyi də istisna olunmur. Paşinyanın Köçəryanı həbsə göndərmək barədə xəbərdarlığı da bu təhlükənin qarşısını almağa xidmət edir.
Əgər Köçəryan seçkiləri həbsxanada keçirsə, Ermənistan konstitusiyasının 48.4-cü maddəsinə görə ağır cinayət törətdiyinə və həbs cəzası çəkdiyinə görə deputatlıqdan və baş nazir vəzifəsindən məhrum edilə bilər.
Ona görə də Köçəryanın qarşısında iki variant qalır. O, ya azadlıqda qalıb ən yaxşı halda növbəti parlamentdə müxalif çoxluğun lideri kimi deputat olmaqla kifayətlənməlidir, ya da həbsə atılıb deputat mandatından və baş nazir iddiasından məhrum ediləcək.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Açar sözlər: Robert Köçəryan Nikol Paşinyan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin