Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər.
Sözügedən razılaşma Tramp administrasiyasının rəhbərliyi ilə günlərlə davam edən danışıqlardan sonra əldə edilib və hər iki ölkə hərbi əməliyyatları dayandırmaq və daha geniş sülh razılaşmasına yönəlmiş birbaşa danışıqları davam etdirmək öhdəliyini götürüb. Atəşkəs üçün aşağıdakı şərtlər irəli sürülüb:
1) "Hizbullah" hərəkatı hücumları tamamilə dayandırmalı və bütün silahlı qüvvələrini Litani çayının cənubundakı bölgədən (Cənubi Litani sektoru) çıxarmalıdır;
2) ABŞ-nin dəstəyi ilə Livan Silahlı Qüvvələrinin nəzarəti altında təhlükəsizlik zonaları formalaşacaq və qeyri-dövlət qüvvələri bu zonalara daxil olmayacaq.
Eyni zamanda, tərəflər birbaşa danışıqları davam etdirmək barədə razılığa gəliblər və hərtərəfli sülh sazişinin imzalanması məqsədilə iyunun 22-dən başlayan həftədə yenidən bir araya gələcəklər. Həmçinin, ABŞ rəsmiləri Vaşinqtonun dəstəyi ilə Livan Ordusunun ölkə daxilində potensialının artırılmasına və möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd edib.
Həm İsrailin, həm də “Hizbullah”ın atəşkəs şərtlərinə əməl etməsi nə dərəcədə realdır? Yoxsa Qəzzadakı kimi burada da atəşkəsin pozulması halları baş verəcək? “Hizbullah”ın İranın təkidi ilə, İsraildə isə radikal sağ qüvvələrin məqsədlə şəkildə atəşkəsi pozmaq taktikalarına əl atması gözlənilir?
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, İsrail ilə Livan arasında əldə olunan atəşkəs razılaşmasının davamlı olacağı ehtimalı azdır:
“Əslində bu razılaşma ABŞ-nin təkidi ilə baş tutub. Ona görə ki, Vaşinqtonun əsil məqsədi İranla danışıqlar prosesini davam etdirmək və bu prosesdə müəyyən anlaşma əldə etməkdir. Xüsusilə, Hörmüz boğazını açmaq, Körfəz sularında təhlükəsizliyi təmin etmək və ABŞ daxilində Tramp administrasiyasına qarşı təzyiqləri yumşaltmaq üçün İranla anlaşma əldə etmək Ağ Evin rəhbəri üçün önəmlidir. Bunun üçün də İsrailin Livanda hərbi əməliyyatları dayandırması lazımdır.
Çünki müharibədən sonrakı danışıqlarda İran tərəfindən irəli sürülən şərtlərdən biri Livan məsələsidir və İrandakı rejim Livanda hərbi əməliyyatların son verilməsini tələb edir, əks təqdirdə o, atəşkəsə əməl etməyəcəyini bildirib. Təbii ki, İran hakimiyyətinin burada başlıca məqsədi “Hizbullah”ı qorumaqdır”.
A. Nərimanlı vurğulayıb ki, ABŞ-nin vasitəçiliyi ilə Livanla razılaşdırılan atəşkəs nə İsrail, nə də “Hizbullah” üçün sərfəlidir:
“İrana qarşı müharibə dayandıqdan sonra İsrail Livanda hücum əməliyyatlarını genişləndirdi. Bu kontekstdən baxdıqda, Livanla razılaşdırılan atəşkəs anlaşması İsrail üçün sərfəli deyil. İsrailin hərbi-siyasi rəhbərliyi Trampın təkidi ilə bu atəşkəsə razı olub. Ona görə də bu anlaşmanın praktiki müstəvidə işləməsi inandırıcı görünmür. Bunun üçün də İsrail müəyyən bir əməliyyat həyata keçirə bilər ki, bu da “Hizbullah”ı əks cavab verməyə sövq etməsi ilə nəticələnə bilər.
Bir məqamı da vurğulayım ki, İsrail Livanda budəfəki hərbi əməliyyatlarında fərqli taktika əl atıb. Yəni əvvəllər İsrail ordusu Livanda əməliyyatlar yolu ilə “Hizbullah”dan aldığı əraziləri özü nəzarət edirdisə, indi isə tutduğu əraziləri Livan ordusuna təhvil verir. Eyni zamanda, “Hizbullah” da atəşkəsdə maraqlı deyil, çünki xeyli mövqe itirib və həmin mövqelər Livan ordusunun nəzarəti altındadır. Güc yolu ilə itirilən mövqelərin geri qaytarılması isə “Hizbullah”ın Livan ordusu ilə birbaşa qarşı-qarşıya gəlməsi deməkdir”.
Ekspert deyib ki, atəşkəsin davam etdiyi müddətdə “Hizbullah” öz mövqelərini geri qaytara bilməyəcək:
“Bütün bu aspektlər baxımından hesab edirəm ki, bu atəşkəs razılaşması yalnız kağız üzərində qalacaq”.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin