Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Tərif eşidəndə utanmaq, tənqidə ani reaksiya vermək və təhqir qarşısında dözümsüzlük göstərmək çox vaxt təkcə xasiyyətlə deyil, insanın daxili narahatlıqları, keçmiş təcrübələri və sosial gözləntilərlə bağlıdır.
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, hətta tanınmış insanlar arasında bu problemə görə müraciət edənlər də var:
“Bəzən insanların tərif eşidəndə utanmasının səbəblərindən biri diqqət mərkəzində olmaq, başqalarının diqqətini üzərində artıq hiss etməkdir. Hər kəs baxır, mimikalarda da bunun təsdiqi görünür: kimsə “sən düz deyirsən”, kimsə “sən səhv deyirsən” kimi reaksiya verir”. Məişət texnikası
Ekspert qeyd edib ki, daha qabarıq şəkildə özünü göstərən məqamlardan biri özünəinamsızlıqdır:
“İnsan eşitdiyi müsbət fikri özünə sanki yaraşdırmır. Bu halda özünə yaraşdıra bilmədiyi sözlərdən və ya haqqında deyilən fikirlərdən dolayı sanki özünü yad hiss edir. Burada təvazökarlıqla yanaşı, insanın özü-özünə tətbiq etdiyi sosial tərbiyə də rol oynayır ki, tərifi qəbul etməsin, özünü lovğa kimi hiss etməsin və təkəbbürlü görünməsin.
Müxtəlif amillər bu vəziyyəti açıq şəkildə ortaya çıxarır. Həmin anda özünüqiymətləndirmə qorxusu yaranır. Tərifdən sonra başqalarının gözləntilərinin artacağı düşüncəsi “Mən birdən bu işin öhdəsindən gələ bilmərəm” narahatlığını doğurur. Bu emosional həssaslıq insanın özü ilə qurduğu daxili dialoqda belə səslənir: “Yox-yox, dayan, irəliləmə. Çox insanlar sənin üzərinə gələcək, sən bunun öhdəsindən gələ bilməyəcəksən. Bu tərif bir gün tənqidə, ictimai qınağa və ya təhqirə çevrilə bilər”. Məhz bu səbəblər tərif eşidəndə insanda müəyyən tərəddüdlər yaradır”.
Psixoloqun sözlərinə görə, tənqidə insanların dərhal reaksiya verməsi birbaşa mərkəzi sinir sistemindəki qıcıqla bağlıdır:
“Bu hal yetkinlik dövründə olan insanlarda hiperaktiv reaksiya şəklində daha çox müşahidə olunur. Bu reaksiyanın fonunda insan təhqirə qarşı dözümsüzlük göstərir. Müəyyən məqamlarda təhdid hissi yaranır, çünki təhqir sosial statusa və şəxsi dəyərə təhlükə kimi qəbul edilir. “Elə deyil” deyərək özünü kiçiltmək isə təvazökarlıqdan daha çox daxili narahatlıqdır”.
Aytən Ələkbərova vurğulayıb ki, bəzən insan doğmaları tərəfindən kifayət qədər xoş sözlərlə qarşılanmır, əksinə, “Sən heç kimsən, heç nəyi bacarmayacaqsan, bir yerə gedib çıxmayacaqsan” kimi ifadələr eşidir:
“Bu cür normal sözləri qarşılamağı öyrənmək artıq insanın öz əməlinə, biliyinə və atdığı addımlara arxayın olması ilə bağlıdır. Özünə verilən bir neçə “mən kiməm” sualına tapılan cavablar və ardıcıl “niyə” suallarının aydınlaşdırılması xoş sözləri qəbul etməyi bacarmağın ən təsirli yollarından biridir”.
Cəlalə Cəlalqızı