Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev termometr sındığı təqdirdə daxilində olan civənin insan həyatı üçün nə qədər təhlükəli olması məsələsinə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, ekspert Pravda.az-a açıqlamasında deyib ki, civə və onun buxarı qoxusuzdur, buna görə termometr sındıqdan sonra hiss edilən kəskin qoxunu civə ilə əlaqələndirmək düzgün deyil, qoxunun başqa mənbəyi araşdırılmalıdır.
S.Nəbiyev bildirib ki, civə dağıldıqda qoxunun olmaması təhlükənin olmadığı demək deyil: “Civənin əsas təhlükəsi buxarının nəfəs vasitəsilə orqanizmə daxil olmasıdır. Bu, sinir sisteminə, böyrəklərə və ağciyərlərə zərər verə bilər. Bir termometrin sınması mütləq ağır zəhərlənmə demək deyil, lakin hadisəyə laqeyd yanaşmaq olmaz. Risk məruzqalmanın miqdarı və müddətindən asılıdır. İsti, zəif havalandırılan otaqda təhlükə artır. Uşaqlar belə halda xüsusilə qorunmalıdır. İlkin olaraq insanları və ev heyvanlarını həmin otaqdan çıxarmaq, digər otaqlara açılan qapını bağlamaq, çölə açılan pəncərəni açmaq lazımdır. Civəyə çılpaq əllə toxunmaq, damcıların üzərindən keçərək onları başqa otaqlara daşımaq olmaz. Tozsoran və süpürgədən istifadə edilməməlidir, çünki bunlar civənin yayılmasını və buxarla məruzqalmanı artıra bilər. Civəni kanalizasiyaya axıtmaq da yolverilməzdir. Dağılmış civəni xlorla, yaxud xlorlu ağardıcı ilə təmizləmək məsləhət görülmür. Civənin üzərinə məişət kimyəviləri tökmək əvəzinə, onu fiziki olaraq düzgün qaydada toplamaq lazımdır. Belə halda FHN-in 112 xəttinə məlumat vermək və verilən göstərişlərə əməl etmək məqsədəuyğundur. Kimyəvi təhlükəli maddələrlə bağlı müraciətlər FHN-nin fəaliyyət dairəsinə daxildir, xətt pulsuz və fasiləsiz işləyir. Hadisədən sonra öskürək, nəfəs darlığı, sinə ağrısı və ya digər narahatlıq yaranarsa, şəxs təmiz havaya çıxarılmalı və dərhal tibbi yardım alınmalıdır. Nəfəsalma çətinliyi olduqda təcili tibbi yardım çağırılmalıdır”.