Tərtər Rayon İcra Hakimiyyətinin paylaşımı diqqət çəkdi Nə baş verdi?

10.08.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Tərtər Rayon İcra Hakimiyyətinin Qaynaq kəndində keçirilən səyyar qəbul görüşü ilə bağlı rəsmi sosial media səhifəsində etdiyi paylaşımda sonradan dəyişiklik edilməsi diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, ilkin paylaşımda yer alan fotolardan birində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədovun baş geyimi olmadan əlini hərbi salam vəziyyətində tutduğu görünürdü. Həmin görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olduqdan sonra fotonun rəsmi səhifədən silindiyi müşahidə edilib.

Qaynaq kəndində keçirilən səyyar qəbulda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, SHXÇDX-nin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədov, Tərtər Rayon Polis Şöbəsinin qərargah rəisi Ruslan Allahverdiyev, həmçinin rayonun müxtəlif idarə və müəssisələrinin rəhbərləri, xidmət sahələrinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Müzakirələrə səbəb olan əsas məqam hərbi qulluqçunun baş geyimi olmadan hərbi salam verməsi olub. Sosial şəbəkə istifadəçiləri paylaşımın sonradan dəyişdirilərək həmin fotonun silinməsini müxtəlif cür şərh ediblər.

Hazırda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fotonun hansı səbəbdən silinməsi ilə bağlı rəsmi açıqlama verilməyib. Bununla yanaşı, görüntüdə əks olunan davranışın hərbi etiket və nizamnamə qaydalarına uyğun olub-olmaması məsələsi də ictimai müzakirə mövzusu olaraq qalır.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью