Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunda “Ölkəmiz üçün prioritet bitkilərin zərərli orqanizmlərdən mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin, Tərtər, Goranboy, Yevlax, Ağcabədi, Ağdam və Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin rəhbərləri, mütəxəssisləri və fermerlər iştirak ediblər.
Tərtər DAİM-in direktoru Mehman Babayev açılış nitqi ilə çıxış edərək Tərtər rayonunda fermerlərin üzləşdiyi problemlər, problemlərin aradan qaldırılmasında fermerlərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov bildirib ki, dünyada, əhalinin sayının artması nəticəsində ərzaq məhsullarına tələbatın yüksəlməsi, iqlim dəyişikliyi, məhdud su ehtiyatları, təbii fəlakətlər bir sıra ölkələrdə əhalinin ərzaq məhsulları ilə təminatında ciddi problemlər yaradıb.
Dünyada ərzaq təhlükəsizliyinin qlobal problemə çevrildiyi bir vaxtda ölkədə zərərli orqanizmlərin təsirindən baş verən məhsul itkisinin qarşısının alınması prioritet istiqamətə çevrilib.
Vurğulayıb ki, bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə edilməsində əsas faktorlardan biri, əkin və bağ sahələrində bitki sağlamlığına nail olunması, bitkilərin zərərli orqanizmlərin vura biləcəyi zərərlərdən qorunmasıdır.
Bunun üçün zərərli orqanizmlərə qarşı ayrı-ayrılıqda deyil kompleks halda, bir birini tamamlayacaq şəkildə mübarizə tədbirləri aparılmalıdır.