Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Həmsöhbətimiz bu mövzuda kitabın müəllifi, hüquq elmləri doktoru, professor Mehdi Abdullayevdir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının müdiri, hüquq elmləri doktoru Mehdi Abdullayevin bir müddət əvvəl işıq üzü görən “5 təməl sütun: təsəvvürdə və reallıqda” kitabı ölkəmizin nüfuzlu elmi dairələrində rəğbətlə qarşılanıb. Publisistik üslubda qələmə alınan əsər geniş ictimaiyyət arasında da kifayət qədər maraq doğurub.
Müəllifin əsərdə ortaya qoyduğu fərqli paradiqmalar nədən ibarətdir? Əsrlər boyu formalaşmış təsəvvürlər müasir dünyanın mürəkkəb reallıqlarını izah etmək üçün nə dərəcədə kifayətdir? Tarixi təcrübə fundamental dəyərlərlə bağlı hansı ziddiyyətləri üzə çıxarır? Bu və digər suallara cavab tapmaq üçün professor Mehdi Abdullayev ilə görüşüb ondan geniş müsahibə götürmüşük. Həmin söhbəti hörmətli oxucuların diqqətinə çatdırırıq.
– Mehdi müəllim, azadlıq, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət əsrlər boyu müxtəlif elmi nəzəriyyələr çərçivəsində geniş araşdırılıb. Buna baxmayaraq, Siz yeni kitabınızı məhz bu anlayışların təhlilinə həsr etmisiniz. Sizcə, bu qədər geniş tədqiq olunmuş anlayışlara müasir dövrdə yenidən müraciət etməyi zəruri edən əsas səbəb nədir?
– Bu anlayışların hər kəsə məlum və anlaşılan görünməsi onların heç də həmişə düzgün başa düşüldüyü anlamına gəlmir. Əksinə, müşahidəmə görə, fundamental anlayışlarla bağlı əsas problemlərdən biri onların çox vaxt həddindən artıq aydın və sadə qəbul edilməsidir. Azadlıq, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət siyasi diskursda, hüquqi sənədlərdə, ictimai müzakirələrdə və beynəlxalq münasibətlərdə geniş istifadə olunur. Lakin bəzən bu anlayışlar ya sadələşdirilir, ya mütləqləşdirilir və ya konkret siyasi məqsədlərin əsaslandırılması vasitəsinə çevrilir.
Məqsədim bu anlayışlara, sadəcə, klassik təriflər vermək deyil, onların nəzəri məzmunu ilə real həyatda necə başa düşülməsi və tətbiq olunması arasındakı fərqləri, bu fərqlərin yaranma səbəblərini və doğurduğu nəticələri araşdırmaq olmuşdur. Ölkəmizin keçdiyi tarixi yolu təhlil etdikdə görə bilərik ki, yaşanan ciddi problemlər və əldə olunan mühüm uğurlar da bu anlayışların necə başa düşülməsi və tətbiq olunması ilə sıx bağlıdır.
Burada məsuliyyət məsələsi xüsusi əhəmiyyət daşıyır. Çünki fundamental dəyərlərə istinad etmək yalnız müəyyən prinsipləri bəyan etmək deyil, həm də onların necə həyata keçirildiyinə və hansı nəticələr doğurduğuna görə məsuliyyət daşımaqdır. Xüsusilə siyasi qərarvermə prosesində niyyətin müsbət olması nəticənin də müsbət olacağına təminat vermir. Dövlət və cəmiyyət həyatına təsir göstərən qərarlar yalnız elan olunan ideallarla deyil, onların praktik nəticələri ilə qiymətləndirilməlidir. Bu baxımdan güclü dövlətin rolu xüsusi əhəmiyyət daşıyır. Məhz güclü dövlət həmin dəyərlərin davamlılığını təmin edir və onların işlək məna qazanmasına şərait yaradır.
Müasir informasiya mühitində isə bu məsələlər yeni məzmun qazanır, fundamental anlayışların düzgün başa düşülməsi və məsuliyyətlə tətbiqi məsələsi daha da aktuallaşır. İnformasiya texnologiyalarının sürətli inkişafı müxtəlif ideyaların və baxışların geniş yayılmasına imkan yaratmaqla yanaşı, ictimai rəyə təsir göstərmək və insanların düşüncəsini istiqamətləndirmək imkanlarını da artırır. Nəticədə, insanlar bəzən hər hansı ideyanın mahiyyətini və mümkün nəticələrini kifayət qədər araşdırmadan onu qəbul edirlər. Bu isə, bütövlükdə, cəmiyyətin düşüncə tərzinə və qəbul etdiyi qərarlara təsir göstərə bilər.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında səsləndirdiyi fikirləri xatırlatmaq istərdim. Dövlət başçısı ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu vurğulayaraq, müasir informasiya mühitində ideoloji risklərin sərhəd tanımadığına diqqət çəkmiş, onlara qarşı mübarizədə cəmiyyətin təhsili və savadlılığının əhəmiyyətini xüsusi qeyd etmişdir.
Bu fikirlər müzakirə etdiyimiz mövzunun aktuallığını daha aydın göstərir.
Çünki ideoloji təsirlər heç də həmişə açıq şəkildə özünü büruzə vermir. Bəzən onlar cəmiyyətin artıq qəbul etdiyi, müsbət münasibət bəslədiyi dəyərlər vasitəsilə də təqdim oluna bilər. Belə hallarda təhlükə dəyərlərin özündən deyil, onların təhrif edilərək müəyyən maraqlara xidmət etməsindən yaranır.
– Kitabın diqqətçəkən xüsusiyyətlərindən biri də fundamental anlayışları yalnız onların nə ifadə etdiyi baxımından deyil, həm də hansı mənaları ehtiva etmədiyi prizmasından araşdırmağınızdır. Sizcə, anlayışın mahiyyətini müəyyənləşdirmək üçün onun sərhədlərini və yanlış şərhlərini üzə çıxarmaq nə dərəcədə vacibdir?
– Fikrimcə, hər hansı anlayışı düzgün dərk etmək üçün onun nəyi ifadə etdiyini bilmək qədər, nəyi ifadə etmədiyini də müəyyənləşdirmək vacibdir. Xüsusilə fundamental siyasi və hüquqi anlayışları təhlil etdikdə onların bəzən həddindən artıq geniş şərh olunması, mütləqləşdirilməsi və ya konkret məqsədlərə uyğun təqdim edilməsi onların əsl mahiyyətinin təhrif olunmasına gətirib çıxarır. Bu baxımdan dahi filosof Benedikt Spinozanın fəlsəfi düşüncəsi ilə əlaqələndirilən məşhur “determinatio est negation” yəni “müəyyənləşdirmək inkar etməkdir” prinsipini xatırlatmaq istərdim. Bu fikrin mahiyyəti ondan ibarətdir ki, hər hansı anlayışı müəyyənləşdirərkən biz eyni zamanda onun sərhədlərini də müəyyən edirik, başqa sözlə desək, onun nə olduğunu izah etmək üçün nə olmadığını da aydınlaşdırmalıyıq.
Lakin burada başqa bir məsələ də ortaya çıxır, həmin bu anlayışların hansı məna yükü ilə təqdim edilməsi və cəmiyyət tərəfindən necə başa düşülməsi məsələsi. Burada anlayışın özü deyil, ona verilən məna və onun təqdimolunma forması yanlış təsəvvürlərin yaranmasına səbəb olur. Bu baxımdan analitik fəlsəfənin məşhur nümayəndəsi Lüdviq Vitgenşteynin yanaşmasına diqqət çəkmək istərdim. O hesab edirdi ki, sözlərin mənası onların hansı şəraitdə və necə işlədilməsindən asılıdır. Müzakirə etdiyimiz anlayışlara münasibətdə bu fikir xüsusi əhəmiyyət daşıyır, çünki onların necə başa düşülməsi təkcə nəzəri müzakirələrlə məhdudlaşmır, real həyatda qəbul edilən qərarlara birbaşa təsir göstərir.
Məsələn, azadlıq və demokratiya anlayışlarına nəzər salaq. İlk baxışdan hər kəsə aydın görünən bu dəyərlər, əslində, heç də həmişə düzgün başa düşülmür. Bəzən azadlıq idarəolunmazlıq, demokratiya isə hərc-mərclik kimi qəbul edilir.
Halbuki bu anlayışların mahiyyəti onların, sadəcə, bəyan edilməsində və ya şüar kimi səsləndirilməsində deyil, əsas məsələ onların hansı məzmunda başa düşülməsi, necə tətbiq olunması və cəmiyyət üçün nə ilə nəticələnməsindədir.
Gördüyünüz kimi, bu anlayışların sərhədlərini müəyyənləşdirmək həmin dəyərləri inkar etmək deyil, əksinə, onların həqiqi mahiyyətini daha aydın dərk etməyin və qorumağın vacib şərtlərindəndir və beləliklə, onların yanlış şərhlərdən və təhriflərdən qorunmasına xidmət edir. Mənim üçün əsas məsələ də məhz budur, fundamental dəyərlərin əhəmiyyətini hansı mənaları ifadə etdiyini və hansı yanlış təsəvvürlərlə eyniləşdirilməməli olduğunu göstərmək.
– Universal prinsiplərin həyata keçirilməsində tarixi, siyasi və hüquqi şəraitin nəzərə alınmasının vacib olduğunu qeyd etdiniz. Bəs tarixi təcrübə bu prinsiplərlə onların real həyatda tətbiqi arasındakı fərqləri necə göstərir və bundan hansı nəticələr çıxarmaq olar?
– Tarixi təcrübə göstərir ki, universal prinsiplərin nəzəri mahiyyəti ilə onların real həyatda tətbiqi arasında müəyyən fərqlər mövcuddur. Çünki bu prinsiplərin təcrübədə necə həyata keçirilməsi konkret tarixi şəraitdən, dövlət institutlarının fəaliyyətindən və qəbul edilən qərarların nəticələrindən asılıdır. Məhz buna görə də, kitabda tarixi hadisələrə, sadəcə, nəzəri fikirləri təsdiqləmək üçün müraciət etmirəm. Əksinə, müxtəlif dövrlərə və siyasi sistemlərə aid nümunələr vasitəsilə fundamental prinsiplərin konkret şəraitdə necə həyata keçirildiyini, hansı ziddiyyətlərlə qarşılaşdığını və hansı nəticələrə gətirib çıxardığını göstərməyə çalışıram. Universal prinsiplərin ümumbəşəri xarakter daşıması onların bütün dövlətlərdə eyni formada tətbiq edilməli olduğu demək deyil. Çünki bir ölkədə uğurla tətbiq olunan modelin başqa bir cəmiyyətə olduğu kimi köçürülməsi heç də eyni nəticələrin əldə ediləcəyinə təminat vermir.
Buna görə də “ixrac modeli” yanaşmasının doğura biləcəyi problemləri nəzərə alaraq, xarici təcrübəyə müraciət edərkən yalnız modelin görünən tərəfini deyil, onun mahiyyətini, formalaşdığı şəraiti və tətbiq mexanizmlərini də nəzərə almaq lazımdır. Lakin nəzəri prinsiplərlə onların praktik nəticələri arasındakı fərqlər yalnız müxtəlif dövlətlərin təcrübəsinin müqayisəsində deyil, ayrı-ayrı cəmiyyətlərin öz tarixi inkişafında da özünü gözlənilən nəticələri verməyib, bəzən isə həmin idealların özünə zidd nəticələr doğurub. Burada əsas məsələ forma ilə məzmun arasındakı fərqdir.
Belə nümunələrdən birinə qədim Afinanın siyasi tarixində rast gəlirik. Ostrakizm adlanan institut vasitəsilə vətəndaşlar səsvermə yolu ilə müəyyən şəxsin şəhərdən uzaqlaşdırılmasına qərar verə bilirdilər. Bu mexanizmin əsas məqsədlərindən biri tiraniya təhlükəsinin qarşısını almaq idi, lakin faktiki olaraq ondan siyasi rəqabətdə də istifadə edilirdi. Bu isə o deməkdir ki, demokratik prosedurun mövcudluğu onun nəticəsinin ədalətli olması anlamına gəlmir. İnsan hüquqlarının inkişaf tarixinə nəzər salsaq, burada da oxşar mənzərə ilə qarşılaşırıq.
ABŞ-da 1791-ci ildə ratifikasiya edilmiş Hüquqlar haqqında Bill fundamental hüquqların tanınması baxımından mühüm sənəd idi. Lakin onun qəbul edilməsi cəmiyyətdə mövcud olan bütün ədalətsizlikləri dərhal aradan qaldırmadı. Köləlik və irqi ayrı-seçkilik kimi problemlər sonrakı dövrlərdə də davam etdi. Bu ideyaların real məzmun qazanması üçün siyasi iradə, institusional mexanizmlər və uzun tarixi proses tələb olundu. Bu tarixi nümunə bilavasitə bizə onu göstərir ki, hüquqların qanunvericilikdə təsbit olunması onların real həyatda təmin edilməsi demək deyil.
Yaxın keçmişimizdən nümunə gətirsək, COVID-19 pandemiyası zamanı dövlətlərin insanların sağlamlığını qorumaq məqsədilə müxtəlif məhdudiyyətlər tətbiq etdiyini gördük. Fərdi azadlıqların toxunulmazlığı ilə ictimai təhlükəsizlik arasında yaranan ziddiyyət göstərdi ki, azadlıq abstrakt şüar deyil, o, konkret hüquqi mexanizmlər və siyasi qərarlar vasitəsilə reallaşır. Başqa sözlə, məhdudiyyət hər zaman azadlığın inkarı deyil, bəzən onun davamlı mövcudluğunun şərtidir. Belə vəziyyətlərdə siyasi düşüncə tarixində “raison d’État”, yəni dövlət marağı anlayışının əhəmiyyəti daha aydın görünür.
XVII əsrdən etibarən formalaşmış bu anlayışın mahiyyəti ondan ibarətdir ki, siyasi qərarlar qəbul edilərkən dövlətin təhlükəsizliyi, davamlılığı və cəmiyyətin ümumi mənafeyi nəzərə alınmalıdır. Dövlət marağı azadlığın alternativi və ya onun inkarı kimi yox, siyasi məsuliyyətin strukturlaşdırıcı elementi kimi çıxış edir, siyasi qərarların çərçivəsini müəyyənləşdirir və azadlığın anarxik formaya keçməsinin qarşısını alır.
Burada əsas məsələ həmin qərarların nə dərəcədə əsaslandırılmış olması, hansı vasitələrlə həyata keçirilməsi və hansı nəticələr doğurmasıdır. Universal prinsiplərlə siyasi reallıq arasındakı münasibətə siyasi realizm nəzəriyyəsi baxımından yanaşmaq da mümkündür. XX əsr siyasi realizminin tanınmış nümayəndələrindən Hans Morgentau siyasi qərarların qiymətləndirilməsində maraqların, güc münasibətlərinin və konkret şəraitin nəzərə alınmasına xüsusi əhəmiyyət verirdi.
Onun yanaşmasından çıxış etsək, hər hansı siyasi qərarı yalnız qarşıya qoyulan məqsədlərə görə deyil, həm də həyata keçirildiyi şəraitə və doğurduğu nəticələrə əsasən qiymətləndirmək lazımdır. Bu isə prinsiplərdən imtina etmək deyil, onların real şəraitdə necə həyata keçirildiyini anlamağa çalışmaq deməkdir. Qeyd etdiklərimin hamısı bir daha göstərir ki, fundamental prinsiplərin həyata keçirilməsində konkret şəraitin nəzərə alınması və qəbul edilən qərarlara məsuliyyətlə yanaşılması mühüm əhəmiyyət daşıyır.
– Kitabınızda fundamental siyasi və hüquqi anlayışlara Azərbaycan dövlətçiliyinin tarixi inkişafı, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin keçdiyi mühüm mərhələlər kontekstində müraciət edirsiniz. Sizcə, Azərbaycanın dövlətçilik təcrübəsi və müasir inkişaf yolu bu anlayışların mahiyyətini və praktik əhəmiyyətini anlamaq baxımından hansı nəticələrə gəlməyə imkan verir?
– Azərbaycanın keçdiyi tarixi yola nəzər salsaq, görə bilərik ki, fundamental siyasi və hüquqi anlayışlar, sadəcə, nəzəri kateqoriyalar deyil, dövlətin taleyinə birbaşa təsir edən real amillərdir. Azadlıq, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət anlayışları müxtəlif dövrlərdə fərqli şəkildə başa düşülmüş, təqdim və tətbiq olunmuşdur və təbii ki, bunun nəticələri də fərqli olmuşdur.
XX əsrin 90-cı illərinin əvvəllərində, xalqımız müstəqilliyini bərpa etdiyi bir dönəmdə ölkə çox ağır siyasi və iqtisadi vəziyyətlə üzləşmişdi. Daxili qarşıdurmalar və dövlət institutlarının zəifliyi müstəqilliyin gələcəyini ciddi sual altında qoyurdu. Fikrimcə, məhz həmin dövrün təcrübəsi göstərir ki, azadlıq və demokratiya kimi anlayışlara dövlətçilik reallıqlarından və siyasi məsuliyyət nəzərə alınmadan, yalnız abstrakt ideallar və şüarlar səviyyəsində yanaşılması idarəolunmazlığın və siyasi böhranın dərinləşməsinə gətirib çıxarır.
Bu təcrübə bir daha göstərdi ki, müstəqilliyi əldə etmək mühüm tarixi nailiyyətdir, lakin onu qoruyub saxlamaq və möhkəmləndirmək də böyük siyasi məsuliyyət tələb edir.
Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət quruculuğunda yeni mərhələ başlandı. Siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün şəraitin yaradılması və milli maraqların vahid strateji məqsədlər ətrafında birləşdirilməsi bu mərhələnin əsas istiqamətləri idi. Sonrakı mərhələdə dövlətçilik reallıqlarının, siyasi məsuliyyətin və qəbul edilən qərarların real nəticələrinin ön plana çəkilməsi sabitliyin, suverenliyin və inkişafın təmin olunmasında mühüm rol oynadı.
Burada əsas məqam ondan ibarətdir ki, qəbul edilən qərarlar yalnız mövcud problemlərin həllinə deyil, həm də ölkənin gələcək inkişafının təmin olunmasına yönəlmişdi. Həmin dövrün mühüm strateji qərarlarından biri 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”dir. Bu müqavilə yalnız neft sektorunun inkişafı baxımından deyil, həm də iqtisadi imkanların genişləndirilməsi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və müstəqilliyin iqtisadi əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı.
Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti də milli maraqların qorunması, mövcud tarixi şəraitin düzgün qiymətləndirilməsi və qəbul edilən qərarların uzunmüddətli nəticələr verməsinə yönəlmişdir. Bu dövlətçilik xətti Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni şəraitə uyğun davam və inkişaf etdirilmişdir. Ölkənin iqtisadi imkanlarının genişlənməsi, beynəlxalq əlaqələrinin inkişafı, xüsusilə ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası müasir Azərbaycan tarixinin mühüm mərhələləridir və respublikamızın yalnız regionda deyil, dünya miqyasında da mövqeyinin möhkəmlənməsinə, nüfuzunun və rolunun artmasına şərait yaratmışdır.
Bütün bunları təhlil etdikdə görə bilərik ki, əsas məsələ yalnız müəyyən dəyərlərin bəyan edilməsi deyil, onların konkret tarixi şəraitdə necə həyata keçirilməsidir. Azərbaycanın təcrübəsi bir daha bizə göstərir ki, bu dəyərlərin real məna qazanması üçün möhkəm hüquqi institutlara, sabit idarəetməyə və siyasi məsuliyyətə ehtiyac var. Azadlıq və demokratiya kimi anlayışların əsl dəyəri onların şüar kimi səslənməsində deyil, cəmiyyətin sabitliyinə, hüquqi nizamın möhkəmlənməsinə və dövlətin inkişafına necə xidmət etməsində üzə çıxır. Məhz bu anlayışların mahiyyətini düzgün dərk etmək və onları konkret şəraitdə məsuliyyətlə tətbiq etmək bacarığı dövlət xadimini adi siyasətçidən fərqləndirən əsas cəhətlərdən biridir.
– Uzun illərdir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mühazirələr oxuyur, tələbələrlə daim ünsiyyətdə olursunuz. Bu təcrübənizdən çıxış edərək, gənc nəslin azadlıq, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət kimi fundamental dəyərlərə münasibətini necə qiymətləndirirsiniz? Sizcə, bu dəyərlərin mahiyyətinin düzgün dərk edilməsində və gənclərin dünyagörüşünün formalaşmasında ali təhsilin rolu nədən ibarətdir?
– Deyə bilərəm ki, gənclərin bu anlayışlara böyük marağı var və məncə, bu, çox müsbət haldır. Əsas məsələ həmin marağı düzgün istiqamətləndirmək və gənclərə bu anlayışların mahiyyətini dərindən anlamaqda kömək etməkdir. Burada bizim üzərimizə böyük məsuliyyət düşür. Biz tələbələrə yalnız nəzəri biliklər verməklə kifayətlənməməli, onlara, öz fikirlərini əsaslandırmağı və qəbul edilən qərarların mümkün nəticələrini təhlil etməyi, bu dəyərləri hazır təsəvvürlər kimi qəbul etmədən müstəqil qiymətləndirməyi və real həyatla əlaqələndirməyi də öyrətməliyik. Düşünürəm ki, bu yanaşmanın gənc nəslin dünyagörüşünün formalaşmasında bilavasitə təsiri var. Xüsusilə gələcək hüquqşünaslar və dövlət idarəçiləri üçün bu bacarıqlar olduqca önəmlidir.
Dövlət idarəçiliyi sahəsində kadrlar hazırlayan ali təhsil müəssisəsi olaraq çalışdığım Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Akademiyamızda gənclərin yalnız peşəkar mütəxəssis kimi deyil, həm də hüquqi düşüncəyə və ictimai məsuliyyət hissinə malik şəxsiyyətlər kimi yetişdirilməsinə xüsusi diqqət yetirilir. Tədris prosesində nəzəri biliklərin praktik tətbiqinə, müstəqil düşüncənin və təhlil bacarıqlarının formalaşdırılmasına önəm verilir. Təbii ki, bütün bunlar üçün müvafiq təhsil mühitinin yaradılması və tədrisin keyfiyyətinin daim diqqətdə saxlanılması vacibdir. Bu baxımdan, Akademiya rəhbərliyinin rolunu xüsusi qeyd etmək istərdim. Rektorumuz akademik Urxan Ələkbərovun elmi və təşkilati fəaliyyətə, tədrisin keyfiyyətinə və gənclərin intellektual inkişafına, onların vətənpərvər ruhda formalaşmasına göstərdiyi diqqət mühüm əhəmiyyət daşıyır.
– Siz tarixi prosesləri fəlsəfə, siyasət və hüququn qarşılıqlı əlaqəsi müstəvisində araşdırırsınız və bu yanaşma elmi fəaliyyətinizi fərqləndirən əsas cəhətlərdən biridir. Gələcək tədqiqatlarınızda da bu istiqaməti davam etdirməyi düşünürsünüzmü?
– Düşünürəm ki, tarixi və ictimai prosesləri yalnız bir elm çərçivəsində izah etmək hər zaman mümkün olmur. Fəlsəfə hadisələrin mahiyyətini anlamağa, siyasət onların cəmiyyət və dövlət həyatında necə təzahür etdiyini görməyə, hüquq isə bu münasibətlərin hansı qaydalar əsasında tənzimləndiyini araşdırmağa imkan verir. Bu sahələrə birlikdə yanaşdıqda hadisələrə daha geniş baxmaq, onların səbəblərini və nəticələrini daha yaxşı anlamaq mümkün olur.
Mənim üçün elmi araşdırmanın maraqlı tərəflərindən biri də odur ki, hər bir tədqiqat müəyyən suallara cavab verməklə yanaşı, yeni suallar da doğurur. Bəzən bir məsələni araşdırdıqca onun əvvəllər diqqət yetirmədiyimiz başqa tərəfləri üzə çıxır. Bu da insanı düşünməyə və axtarışlarını davam etdirməyə sövq edir. Gələcəkdə də fəlsəfə, siyasət və hüququn kəsişməsində dayanan məsələlər araşdırmalarımı davam etdirmək niyyətindəyəm və hesab edirəm ki, bu sahədə araşdırılmalı, üzərində düşünülməli çox məsələlər var.
– Mehdi müəllim, maraqlı söhbətə görə təşəkkür edir, gələcək elmi fəaliyyətinizdə sizə uğurlar arzulayırıq.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ