Icma.az, Marja.az portalına istinadən məlumat verir.
Tesla ən çox satılan modeli olan Model Y-nin üç sıra oturacaqlı versiyasını ABŞ-dakı müştərilərin istifadəsinə verdiyini açıqlayıb.
Marja xəbər verir ki, Şirkət sosial media hesabında etdiyi paylaşımda müştərilərin artıq ABŞ və Puerto-Rikoda Model Y Long Wheelbase (Model YL) modelini sifariş edə biləcəyini bəyan edib.
İlon Maskın rəhbərlik etdiyi avtomobil istehsalçısı sözügedən modeli ötən il Çində satışa çıxararaq güclü rəqabətin hökm sürdüyü bazarda orta sinif ailələri hədəfləmişdi.
Üç sıra üzrə altı oturacağa malik Model YL-nin daha geniş avtomobilə üstünlük verən amerikalı istehlakçılar üçün cəlbedici seçim olacağı gözlənilir. Mask ötən ilin avqustunda verdiyi açıqlamada modelin ABŞ-da 2026-cı ilin sonlarına qədər istehsala buraxılmayacağını, hətta avtonom avtomobillərin geniş yayılması səbəbindən ümumiyyətlə istehsal olunmaya biləcəyini bildirmişdi.
Tesla üçsıralı Model Y-nin ABŞ-da satışa çıxarılmasını - analitiklərin gözləntilərini üstələyən ikinci rüb üzrə tədarük göstəricilərinin açıqlanmasından sonra elan edib.