Tətil bitdi, işə necə adaptasiya olaq? Qızıl qayda

31.03.2026

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bayram günlərindən sonra iş rejiminə qayıtmaq bir çox insan üçün çətin ola bilər. İstirahət dövründən sonra motivasiyanın azalması, diqqətin dağılması və gündəlik ritmə uyğunlaşmada çətinliklər yaşanması normal haldır.
Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, bu vəziyyət hər kəsə tanışdır və hər kəs həyatında bu kimi qısamüddətli çətinliklərlə qarşılaşır:

“Xüsusilə bayram günləri uzun olduqda, iş rejiminə qayıtmaq daha çətin olur. Hətta həftəsonundan sonra belə işin ilk günü əhvalımız o qədər də yaxşı olmur. Lakin həftənin sonuna yaxın, iki günlük istirahətin yaxınlaşdığını düşündükdə, beynimiz bunu bir mükafat kimi qəbul edir və yorğun olsaq da, özümüzü daha xoşbəxt hiss edirik. Əslində, tətil dövrünü beynimiz və şüuraltımız bir mükafat kimi qavrayır və buna alışır. Bu zaman ən böyük problem bioloji saatın pozulması ilə bağlı olur. İnsan orqanizmi müəyyən saatlara uyğun şəkildə yatmağa və oyanmağa öyrəşib. Bu ritm pozulduqda isə işə adaptasiya çətinləşir. Buna görə də tövsiyə olunur ki, tətil günlərində belə gündəlik rejimi mümkün qədər qoruyasınız. İş günlərində oyandığınız saatda oyanmaq və yatdığınız saatda yatmaq lazımdır. Bu, işə qayıdışı xeyli asanlaşdırır. Əks halda, gec yatıb gec oyanmaq sonradan adaptasiya prosesini çətinləşdirə bilər”.
O bildirib ki, tətildən qayıtdıqdan sonra özünüzə kiçik bir hədiyyə edin:
“Bu, yeni bir fincan, qələm, qeyd dəftəri və ya geyim ola bilər. İş masanızda yeni bir detalın olması belə motivasiyanızı artıra bilər. Eyni zamanda, ilk günlərdə özünüzü çox yükləməyin. Bütün işləri bir günə sığdırmağa çalışmaq əksinə stress yaradır. Daha məqsədəuyğun olan işləri mərhələli şəkildə planlaşdırmaqdır: bu gün bir qismini, sabah isə qalanını yerinə yetirmək. Bundan əlavə, iş günlərində özünüzü kiçik mükafatlarla sevindirin. Açıq havada gəzmək, qısa yürüş etmək və ya tək qalaraq dincəlmək kimi fəaliyyətlər adaptasiyanı asanlaşdırır. Günə başlamaq üçün kiçik vərdişlər də faydalıdır. Məsələn, bir fincan kofe, qısa musiqi fasiləsi və ya 25 dəqiqə işləyib 5 dəqiqə ara vermək kimi üsullar iş ritminə düşməyə kömək edir. Sosial media istifadəsinə də diqqət yetirilməlidir. Bildirişləri açıq saxlamaq diqqəti yayındırır və narahatlıq yaradır. Buna görə də iş vaxtı və ya işdən sonra bildirişləri məhdudlaşdırmaq daha faydalıdır. İş rejiminə qayıdarkən özünüzü nə həddindən artıq zorlayın, nə də tamamilə boş buraxın. Ən doğru yanaşma kiçik addımlarla yenidən ritmə uyğunlaşmaqdır. Özünüzə “Niyə əvvəlki kimi deyiləm?” və ya “Niyə bu gün heç nə bacarmadım?” kimi suallar verməkdən çəkinin. Bu cür düşüncələr adaptasiya prosesini çətinləşdirir və motivasiyanı azaldır”.
Psixoloq vurğulayıb ki, rəhbər şəxslərə də bir tövsiyə vermək olar ki, işçilər tətil sonrası işə qayıtdıqda ilk gündən yüksək tələblər qoymaq düzgün deyil:
“Qaydaları sərtləşdirmək, cəzalar tətbiq etmək və ya işçiləri danlamaq əksinə, kollektivdə mənfi mühit yaradır. Rəhbərlər işçilərlə daha anlayışlı və dəstəkleyici münasibət qurmalıdır. Unutmaq olmaz ki, işçilər təşkilatın inkişafında əsas rol oynayan insanlardır və onların motivasiyası çox önəmlidir. Bu baxımdan, rəhbərlər də işə qayıdış dövründə kiçik jestlər edə bilərlər: simvolik hədiyyələr vermək, ilk gün iş saatını qısaltmaq və ya daha rahat iş mühiti yaratmaq kimi addımlar motivasiyanı artırır. Bu yanaşmalar dünya praktikasında da geniş tətbiq olunur və müsbət nəticələr verir. Təəssüf ki, bəzi hallarda rəhbərlər daha sərt mövqe tuturlar, lakin daha humanist yanaşma həm işçi məmnuniyyətini, həm də ümumi məhsuldarlığı artırır”.
Qeyd edək ki, Azərbaycanda 20 martdan bugünə qədər qeyri-iş günü idi.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью