Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Göygöl rayonunda məktəblərin birində qış tətili dövründə şagirdlər dərsdə olmadığı halda müəllimlər saat 09:00-dan 17:00-a qədər məktəbdə saxlanılır. Bununla bağlı müəllimlərdən biri sosial şəbəkədə yazıb. O, qeyd edib ki, dərs günlərində, məsələn, saat 13:00-da dərslərini bitirib məktəbdən çıxırdılarsa, tətil günlərində 8 saat məktəbdə qalmaları sual yaradır.
Maraqlıdır, bu praktika digər məktəblərdə də tətbiq olunur, yoxsa yalnız müəyyən məktəblərə xasdır?
Dərs günlərində müəllimin dərs saatı 12:00–13:00 arası bitirsə, belə günlərdə konkret təlim, iclas və ya rəsmi tapşırıq yoxdursa, bu cür yanaşma, müəllimlərin iş yükünün süni şəkildə artırılması nə dərəcədə düzgündür?
Redaktor.az-a danışan təhsil eksperti Şəmsi Qocanın sözlərinə görə, tətilin müəllimə aidiyyəti yoxdur:
"Tətil şagirdlər üçündür. Müəllimlər tətil günlərində adi qaydada işləyirlər, yəni 8 saatlıq iş rejimində. Bu qayda bütün məktəblərə aiddir. Lakin kim hansı dərəcədə əməl edib-etmir, deyə bilmərəm. Mən direktor işləyəndə saat 09:00-dan 15:00-a qədər işçilərin məktəbdə olmasını və öz işlərini, sənədlərini qaydasına salmağı təmin və təşkil edirdim".
Aytəkin TOFİQQIZI