Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ağır tonajlı və texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin şəhərdaxili hərəkəti yol təhlükəsizliyinə ciddi şəkildə təsir göstərir. Məsələyə iki əsas istiqamətdə yanaşmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.
O bildirib ki, ilk növbədə iri qabaritli və ağır tonajlı nəqliyyat vasitələrinin günün pik saatlarında şəhər daxilində hərəkəti həm nəqliyyat sıxlığına və tıxaclara səbəb olur, həm də yol örtüyünə ciddi ziyan vurur: "Xüsusilə tırtıllı və standartlara cavab verməyən ağır texnika yol infrastrukturunu sürətlə sıradan çıxarır. Məhz buna görə də şəhərə giriş nöqtələrində çəki standartları müəyyən edilib və tərəzilər quraşdırılıb. Bu mexanizm şəhər daxilində həm yol örtüyünün qorunmasına, həm də nəqliyyat sıxlığının qarşısının alınmasına xidmət edir. Tətbiq olunan məhdudiyyətlər də məhz bu məqsədlərə hesablanıb.
Digər tərəfdən isə istismara yararsız nəqliyyat vasitələri xüsusi təhlükə mənbəyidir. Şərti olaraq bu tip nəqliyyat vasitələrini “kamikadze” adlandırmaq olar. Çünki bu avtomobillər texniki baxımdan tam yararsız vəziyyətdə olur. Onların işıq və qabarit göstəriciləri, xüsusilə qaranlıq vaxtlarda, işlək olmur, əyləc sistemi isə nasaz vəziyyətdə olur ki, bu da qəza riskini kəskin şəkildə artırır.
Belə nəqliyyat vasitələri müxtəlif yüklər daşısa belə, texniki baxımdan ciddi təhlükə mənbəyi hesab olunur və yol hərəkətinin digər iştirakçıları üçün real risk yaradır. Həm istismara yararsız nəqliyyat vasitələrinin, həm də çəkisi və qabariti yüksək olan ağır tonajlı avtomobillərin şəhər daxilində hərəkətinin məhdudlaşdırılması tam qanuni, əsaslandırılmış və yol təhlükəsizliyi baxımından özünü doğruldan bir addımdır. Bu məhdudiyyətlər həm yol infrastrukturunun qorunmasına, həm də ümumi təhlükəsizliyin təmin olunmasına xidmət edir".