Texnologiyanın gələcəyi: Süni zəka bərabərsizliyi azaldır?

22.01.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Süni zəkanın sürətlə yayılması və əmək bazarının strukturunu yenidən formalaşdırması artıq qlobal miqyasda sosial münasibətləri köklü şəkildə dəyişir.

XXI əsrin yeni mərhələsində insan əməyinin dəyəri, ixtisasların prioriteti və gəlir bölgüsünün modeli ənənəvi prinsiplərlə izah edilə bilmir.

Texnoloji tərəqqinin yaratdığı avtomatlaşdırma dalğası bir tərəfdən yüksək ixtisaslı mütəxəssislər üçün misilsiz imkanlar açırsa, digər tərəfdən aşağı və orta təbəqə üçün riskləri artırır. Bu proses gedərək “rəqəmsal elit” ilə “əməkçi kütlə” arasında sosial uçurumun dərinləşməsi ehtimalını gücləndirir.

Gəlir bərabərsizliyinin artması yalnız iqtisadi fenomen deyil, siyasi sistemlərə, ictimai institutlara və gündəlik həyatın bütün sahələrinə təsir edən kompleks bir tendensiyadır.

Süni zəka dövründə sahibkarlıq, təhsil, əmək münasibətləri və hətta dövlətin sosial siyasəti belə yenidən düşünülməlidir. Çünki yaxın onilliklərdə süni zəkanın kütləvi tətbiqi sosial təbəqələrin formalaşmasına və aralarındakı sərhədlərin dəyişməsinə ən güclü təsir göstərən faktor olacaq.

Süni zəkanın yayılması ilə gələcəkdə sosial təbəqələr arasında əmək və gəlir bərabərsizliyi necə dəyişəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən texnoloq Elvin Abbasov bildirib ki, bu məsələyə daha realist yanaşmaq lazımdır: 

"Düşünürəm ki, süni zəkanın geniş yayılması əmək və gəlir bərabərsizliyini dərhal dəyişməyəcək, amma zamanla cəmiyyət daxilində yeni bir xətt formalaşdıracaq. Bu xətt texnologiya ilə işləməyi bacaranlarla ondan kənarda qalanların arasında yaranacaq. Ən böyük transformasiya isə məhz rutin və təkrarlanan iş sahələrində özünü göstərəcək".

Elvin Abbasov: Əsas problem odur ki, bu imkanlara çıxış hamı üçün eyni deyil

Həmsöhbətimiz vurğulayıb ki, süni zəka yeni imkanlar da açır: 

"Texnologiyanı yaradan, idarə edən və ondan səmərəli istifadə edən insanlar üçün daha yüksək gəlirli yeni peşələr meydana çıxacaq. Lakin əsas problem odur ki, bu imkanlara çıxış hamı üçün eyni deyil. Təhsil, texnologiya və bilik resurslarına daha tez çatan sosial qruplar üstün mövqeyə sahib olur, digərləri isə geridə qalmaq riski ilə üz-üzədir".

Onun sözlərinə görə, bərabərsizliyi yaradan süni zəkanın özü yox, ona çıxış imkanlarının qeyri-bərabərliyidir:

"Burada ən kritik məsələ texnologiyaya çıxış və bacarıq fərqləridir. Təhsil imkanları, dil biliyi, internetə çıxış və digər sosial göstəricilər süni zəkanın verdiyi fürsətləri kimin real qazanca çevirəcəyini müəyyən edən əsas faktorlara çevrilir".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью