Təxribatlara qarşı birlik olmalıyıq BƏYANAT

02.11.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Milli maraqlarımıza, ictimai sabitliyimizə və regional sülhə qarşı yönələn təxribatlara qarşı birlik nümayiş etdirməliyik!"

"Cebheinfo.az" xəbər verir ki,  bu, Aydınlar Ocağı Humanitar İctimai Birliyinin bəyanatında yer alıb.

Bəyanatda deyilir:

"Son dövrlərdə regionda və ölkəmizdə baş verən proseslər, milli maraqlarımıza, dövlət suverenliyimizə və ictimai sabitliyimizə təsir göstərən hadisələr hər birimizi daha diqqətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır. İranın molla rejiminin Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızın ana dilində təhsil almaq hüququna qarşı nümayiş etdirdiyi münasibət, eyni zamanda Londonda Azərbaycan səfirliyi qarşısında baş verən təxribat xarakterli aksiyalar narahatlıq doğurur.

Öz ölkəsində azərbaycanlıların milli və dil hüquqlarını təmin etməyən siyasi dairələrin Azərbaycanda dini və digər həssas məsələlərdən istifadə etməklə ictimai qarşıdurma yaratmaq cəhdləri qəbuledilməzdir. Azərbaycan-Türkiyə qardaşlığı da hər hansı xarici siyasi maraqların və informasiya manipulyasiyalarının hədəfinə çevrilməməlidir. İki dövlət arasındakı sarsılmaz münasibətlərin qorunması ortaq milli maraqlarımızın mühüm təminatıdır".

Digər tərəfdən, Ermənistanın revanşist qüvvələrinin təsiri altında sülh prosesinin ləngidilməsi, Azərbaycana qarşı ərazi iddialarının hüquqi müstəvidə aradan qaldırılmaması və sülh müqaviləsinin imzalanmasının yubadılması regionun gələcəyi üçün ciddi təhlükə olaraq qalır:

"Davamlı sülh qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və real siyasi iradə tələb edir. Ölkə daxilində isə orta məktəblərdə dini həssaslıqlar ətrafında yaranan gərginliklər, hicab məsələsinin ictimai qarşıdurma predmetinə çevrilməsi, şagirdlər arasında aqressiyanın artması və xüsusilə jurnalistlərə qarşı fiziki zorakılıq halları ciddi narahatlıq doğurur.

Təhsil müəssisələri qarşıdurma deyil, sağlam düşüncənin, milli-mənəvi dəyərlərin və tolerantlığın formalaşdığı məkan olmalıdır. Jurnalistlərin peşə fəaliyyətinə görə təzyiqə və zorakılığa məruz qalması isə söz və ifadə azadlığına qarşı yolverilməz davranışdır. Aydınlar Ocağı Humanitar İctimai Birliyi olaraq bütün tərəfləri milli maraqlarımızı şəxsi və siyasi ambisiyalardan üstün tutmağa, dini və milli həssaslıqlardan sui-istifadəyə yol verməməyə, cəmiyyətdə sağlam ictimai mühitin qorunmasına çağırırıq.

İnanırıq ki, Azərbaycanın gücü milli birliyində, dövlətçiliyinə sədaqətində, Türkiyə ilə qardaşlığında və regionda ədalətli, davamlı sülhün təmin olunmasına yönələn prinsipial mövqeyindədir. Dövlətçiliyimizə sahib çıxmaq, milli birliyimizi qorumaq və gələcəyimizə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur!"

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью