Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına tapşırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a qurumdan bildirilib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, - qurumdan bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub.
Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır.