Təyyarədə siqaret qadağandır; bəs külqabı niyə var? SƏBƏB

03.09.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Təyyarədə siqaret çəkmək qadağandır. Bəs belə olan halda təyyarələrin tualetlərində külqabıların olmasının səbəbi nədir?

Avtosfer.az xəbər verir ki, aviasiyada siqaret çəkmək uzun illərdir qadağan edilib. Təyyarənin salonunda və ya tualetində siqaret çəkmək ciddi sanksiyalara səbəb ola bilər. Bundan başqa, təyyarə tualetlərində tüstü detektorları da quraşdırılıb.

Buna baxmayaraq, tualetlərdə külqabıların olması ilk baxışdan ziddiyyətli görünür. Əslində isə bunun səbəbi uçuş təhlükəsizliyi ilə bağlıdır.

Aviasiyada təhlükəsizlik sistemləri yalnız sərnişinlərin qaydalara əməl edəcəyi nəzərə alınaraq qurulmur. Qaydaların pozula biləcəyi ən pis ssenarilər də əvvəlcədən hesablanır.

Məsələn, sərnişin qadağaya baxmayaraq tualetdə siqaret çəkərsə və siqareti zibil qutusuna və ya salfetlərin arasına atarsa, tam sönməmiş siqaret ciddi yanğın təhlükəsi yarada bilər.

Məhz buna görə təyyarələrin tualetlərində xüsusi külqabılar yerləşdirilir. Bu, həmin ərazidə siqaret çəkməyə icazə verildiyi anlamına gəlmir. Əksinə, qadağaya baxmayaraq belə hal baş verərsə, siqaretin təhlükəsiz şəkildə söndürülməsi və mümkün yanğın riskinin minimuma endirilməsi məqsədi daşıyır.

Aviasiyada təhlükəsizlik tədbirlərinin ən maraqlı tərəflərindən biri də budur. Hər hansı bir davranışın qadağan edilməsi onun heç vaxt baş verməyəcəyi anlamına gəlmir. Buna görə də təhlükəsizlik sistemləri qaydaların pozulması ehtimalını da nəzərə alır.

Beləliklə, təyyarə tualetində külqabının olması sərnişinlərə siqaret çəkməyə icazə verilməsi deyil, əksinə, mümkün qayda pozuntusunun daha ciddi nəticələrə səbəb olmaması üçün nəzərdə tutulmuş təhlükəsizlik tədbiridir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью