Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəxşiş vermək xidmət sahəsində geniş yayılmış ənənələrdən biridir. Son vaxtlar bu ənənənin təyyarələrdə də yayılması diqqət çəkir. Sərnişinlərin uçuş heyətinə pul, hədiyyə və müxtəlif əşyalar təqdim etdiyi videolar sosial şəbəkələrdə geniş yayıldıqdan sonra “Təyyarədə stüardessaya bəxşiş vermək olarmı?” sualı gündəmə gəlib.
Qaynarinfo “Southern Living” nəşrinə istinadən xəbər verir ki, ABŞ-da böyük aviaşirkətlərdən birində çalışan stüardessa Charity Moore uçuş heyətinə bəxşiş verməyin mümkün olduğunu, lakin bunun aviaşirkətin qaydalarından asılı olduğunu bildirib.
Onun sözlərinə görə, bəzi aviaşirkətlər pul və hədiyyə qəbul etməyə müəyyən məhdudiyyətlərlə icazə verir, digərləri isə bunu tamamilə qadağan edir.
“Heç nə gözlənilmir, amma hər şey yüksək qiymətləndirilir”, – Moore deyib.
Stüardessa qeyd edib ki, sərnişinlər onları əsasən yemək və içki xidməti göstərən əməkdaşlar kimi görsələr də, onların əsas vəzifələrindən biri sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Uçuş heyəti fövqəladə vəziyyətlərə və təxliyəyə hazır olmaq üçün ciddi təhlükəsizlik təlimlərindən keçir.
Moore bildirib ki, aviaşirkətin daxili qaydalarından başqa, uçuş heyətinin qəbul etdiyi hədiyyələrlə bağlı bəzi praktiki məqamlar da var.
Onun sözlərinə görə, şirniyyatlar ən çox qəbul edilən, lakin sonradan istifadə olunmayan hədiyyələr sırasındadır. Şokolad və digər şirniyyatlar bəzən ekipaj üzvləri arasında bölüşdürülür və ya evə aparılır.
Evdə hazırlanmış qida məhsullarına gəlincə, stüardessa sərnişinlərə belə hədiyyələr gətirməməyi məsləhət görür. Çünki tam möhürlənməmiş və qablaşdırılmamış qidalar təhlükəsizlik səbəbindən atılır.
Moore həmçinin vurğulayıb ki, bəzi hallarda bəxşiş qəbul etmək mümkün olsa da, rüşvət qəbul etmək qaydalara ziddir. Sərnişin stüardessaya bəxşiş verdiyi üçün oturacağının dəyişdirilməsini və ya əlavə xidmət göstərilməsini gözləməməlidir.
Bundan başqa, əl dezinfeksiyaedicisi, dodaq balzamı, nəmləndirici krem və gözaltı maskaları da stüardessaların üstünlük verdiyi hədiyyələr sırasındadır.
Qablaşdırılmış saqqız və nanəli konfetlər də uçuş heyəti tərəfindən məmnuniyyətlə qəbul edilir.
Bəzi aviaşirkətlərdə isə sərnişinlər kartla birbaşa bəxşiş verə bilirlər. Məsələn, “Frontier” kimi aviaşirkətlərdə ödəniş sistemləri vasitəsilə verilən bəxşiş birbaşa xidmət göstərən əməkdaşa çatdırılır.
Lakin stüardessanın sözlərinə görə, ən yaxşı təşəkkür mütləq pul və ya hədiyyə deyil:
“Düzünü desəm, bizim ən çox qiymətləndirdiyimiz bəxşiş insanların sadəcə mehriban və səbirli olmasıdır. Stüardessaya həqiqətən bəxşiş vermək istəyirsinizsə, mehriban olun”.
Sərnişinlər uçuşdan sonra aviaşirkətin sorğusunda stüardessanın adını qeyd edə və onun xidmətini xüsusi olaraq qiymətləndirə bilərlər. Bəzi aviaşirkətlərdə ekipaj üzvlərini mükafatlandırmaq üçün xüsusi təşəkkür səhifələri və xidmət mükafatlarına namizədlik imkanları da mövcuddur.
Günay