Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan cəmiyyətində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, vicdan azadlığının təmin edilməsində, maarifçilik işinin aparılmasında, eyni zamanda dini maarifçilik işinin aparılmasında qadınların üzərində böyük bir vəzifə və məsuliyyət var.
BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan cəmiyyəti multikultural, tolerant dəyərləri ilə həmişə fəxr edib və bu gün bu dəyərlər Azərbaycan xalqının zəngin mədəniyyəti olduğu kimi, həm də Azərbaycan hökumətinin, dövlət siyasətinin bir hissəsidir.
"Azərbaycanda tolerantlıq ənənələrinin formalaşmasında təbii ki, Azərbaycan qadının da böyük rolu var. Mən buna nümunə kimi bir neçə tarixi faktı sizinlə böyük məmnuniyyətlə bölüşmək istəyərdim. Məsələn, bildiyiniz kimi, bu gün Bakının mərkəzində fəaliyyət göstərən və Qafqaz Müsəlmanları İdarəsinin mərkəzi qərargahı olan Təzəpir məscidini məhz Azərbaycan qadını, Nabat xanım Aşurbəyova öz mehriyyəsi ilə inşa etdirib. Eyni zamanda Bakıda bir neçə kilsənin, xristian pravoslav kilsəsinin tikintisində, vaxtilə Qafqazın ən böyük kilsəsi olmuş Aleksandr Nevski kilsəsində və bu gün də fəaliyyət göstərən Arxangel Mixail kilsəsinin tikintisində, bərpasında Azərbaycan qadınları öz maddi dəstəklərini göstəriblər. Hətta Arxangel Mixail kilsəsinin təmir olunmasında Azərbaycan qadınları öz zinət əşyalarını hədiyyə eləyib".
Sədr müavini son olaraq vurğulayıb ki, Azərbaycan multikultural ənənələrinin, tolerant dəyərlərinin formalaşmasında, yaşadılmasında tarixdə olduğu kimi bu gün də Azərbaycan qadınlarının böyük əməyi və rolu var.