“Təzyiqlərin cavabı sadəcə qələbədir”

12.11.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteyn seçməsinin qonağı olacaq Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov oyunöncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə oyun haqqında fikirlərini bölüşdü:

– Hər kəsi salamlayıram, xoş gördük. Bilirik ki, bu bizim qrupda son oyunumuzdur. Onsuz da yoldaşlıq görüşümüz qalır və bu il milli komanda üçün oyunlar bitir. Ən vacib oyunumuza çıxırıq, çünki qrup lideri olmaq üçün qələbə lazımdır. Onlarla Bakıda bərabərə qalmışdıq, rəqibi tanıyırıq, bilirik. Evdə daha inamlı oynayırlar. Buna baxmayaraq, komanda olaraq oyuna hazırıq. Sevindirici hal odur ki, futbolçularımız ilk məşqdən həqiqətən çox yüksək əhval-ruhiyyə ilə gəliblər. Çempionatımızın ən qızğın vaxtıdır. Futbolçularımız yaxşı formadadır. İnanıram ki, sabah vacib olan qələbəni qazanacağıq və qrup lideri olacağıq.

– Bu oyundan öncə psixoloji təzyiq yaranıb. İstər sizinlə, istərsə də futbolçularla bağlı paylaşımlar edilir. Bu psixoloji təzyiqi aşırmaq üçün nə etmisiniz? Futbolçularla söhbətdə daha çox nəyi vurğulamısınız?

– Çox şeyə fikir vermirəm, tam olaraq oyuna köklənmişik. Futbolçularımızın hamısı sosial şəbəkələrdən istifadə edir, istər-istəməz bu onlara təsir edə bilər. İlk toplanış günündə də, bu gün keçirdiyimiz iclasda da bütün diqqətimizi oyuna və rəqibə yönəltdik. Kənar müdaxilələrə çox fikir vermək lazım deyil. Biz milli komandayıqsa, təbii ki, bu fikirlər, bu təzyiqlər olmalıdır. Kiçik detallara görə diqqətimizi itirsək, bu, bizim üçün ciddi zərbə ola bilər. Əlbəttə, bu təzyiqlər normaldır və bunun cavabı sadəcə qələbədir.

– Lorenzo Mezzotero haqqında soruşmaq istəyirdim. Rəsmi açıqlamalardan bilirik ki, zədəsi var. Bəs siz onunla danışmısınızmı? Azərbaycan millisində oynamaq istəyirmi?

– Sevindirici hal odur ki, təkcə Lorenzonu deməzdim, milli komandamızda gənc futbolçuların sayı artıb. Biraz mənə təsir edən odur ki, təkcə Lorenzo haqqında danışılır. Bu gün Muradı, Nihadı, Eşqini, U-21-dən gələn futbolçuları daha çox dəstəkləmək lazım idi. Xatırlamıram ki, Azərbaycan millisinə birdən-birə U-21-dən yeddi və ya səkkiz futbolçu qoşulsun. Dünən elə məşqçi ilə danışanda dedim ki, biz Portuqaliya U-21 ilə oynayandan bəri artıq yeddi futbolçumuz əsas millidədir. Yəni üç-dörd ay ərzində bir neçə yaşlı futbolçunun əsas komandaya keçidi üçün körpü yaratmaq, xüsusən də futbolumuzun bugünkü vəziyyətində böyük işdir. Sualınıza gəldikdə isə biz Lorenzonu izləyirdik, bundan əvvəl özü də Azərbaycan millisində oynamaq istəmişdi. Bilirsiniz ki, aşağı yaşlılardan rəsmi dəvət almışdı, U-21-də oyuna çıxmışdı. Mən onu canlı şəkildə Cəbəllüttariq ilə oyunda izləmişdim. O, həm də öz klubunda çox yaxşı çıxış etdi və bu bizim diqqətimizi çəkdi. Bizim geniş siyahımız var idi, ama 23 futbolçunun içindən onu seçdik. Amma sonradan onun klubundan bizə müraciət etdilər, kiçik zədəsi var idi, biz də buna inandıq. Gələn toplanışlarda yaxşı formada olsa, yenə dəvət alacaq. Əgər o, Azərbaycan millisində oynamaq istəməsə, bu onun öz qərarı olacaq. Mən həmişə demişəm ki, milli forma sevilməli, ona dəyər verilməlidir, milli formada heç bir məcburiyyət olmamalıdır. Başqa bir sevindirici hal odur ki, hücumçularımız yavaş-yavaş çempionatda oynamağa başlayıb. Bildiyiniz kimi, Ağadadaş Salyanski öz klubunda, Seyxan isə “İmişli”də son oyunlarda yaxşı çıxış edir. Gələn toplanışlarda baxacağıq, əgər yaxşı formada olsa dəvət edəcəyik.

– Milli çempionatda oyunçularımızın vəziyyəti bəllidir, bəs legioner futbolçularımız haqqında nə düşünürsünüz?

– Geniş heyətimiz var. Heyəti də məhz qarşıdakı iki oyunu nəzərə alaraq müəyyənləşdirmişik. Bildiyiniz kimi, ikinci oyun üçün vaxtımız azdır. Futbolçuların tam bərpası çətin olacaq. Bu səbəbdən rotasiyalara əl atacağıq. Ümumiyyətlə, son oyunlarda fiziki cəhətdən bizim üçün problem olmayıb. Lixtenşteynlə oyundan sonra Litva ilə qarşılaşmada psixoloji gərginliyimiz var idi, amma futbolçularımız xarakter göstərdi. Qalibiyyət olmasaydı, bizim üçün çətin olacaqdı. Mahir son oyununu yaxşı keçirmişdi. Toralın da əsas heyətə düşməyi sevindirici haldır.

– Start heyəti müəyyənləşdirmisinizsə, bizi təəccübləndirəcək bir şey olacaq?

– Təəccüblü bir dəyişiklik gözlənilmir. Heyətimiz Litva ilə matçdakı tərkibə yaxındır.

– Formada olan oyunçulardan biri də Nihat Əhmədzadədir. Siz onu sol cinah vingeri kimi çağırmısınız, yoxsa mərkəz oyunçusu?

– Nihadı mərkəz oyunçusu kimi çağırmamışam. Mən “Sumqayıt”da işləyəndə səhv etmirəmsə, onun 15 yaşı var idi. Onu ilk dəfə olaraq məşqlərə dəvət etmişdim. İstedadlı futbolçudur. Məncə, bu təlim-məşq toplanışında Nihad və Muradı qazanacağıq. Nihad da Toral kimi universal futbolçudur. O, bizim oynadığımız sistemdə iki-üç mövqedə oynaya bilər.

Futbolpress.az

Vaduts, Lixtenşteyn

Medianın Lixtenşteyn səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью