Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Liverpul”la Çempionlar Liqasının son turunda qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzunmüddətli uğur hekayəsi Avropada diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, “The Guardian” nəşri “Qarabağ”ın baş məşqçisi barədə böyük məqalə dərc edib.
Məqalədə bildirilir ki, 2008-ci ildən etibarən “Qarabağ” klubuna rəhbərlik edən Qurbanov bu gün dünya futbolunda ən uzunömürlü və stabil nəticələr qazanan baş məşqçilərdən biri hesab olunur. Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Liverpul”la qarşılaşacaq Ağdam təmsilçisi bu mövsüm indiyədək ən uğurlu Avropa çıxışlarından birini sərgiləyir və pley-off mərhələsinə yüksəlmək üçün real şansını qoruyur.
Qurbanovun rəhbərliyi altında “Qarabağ”ın Avropa turnirlərində 204-cü oyununa çıxacağını qeyd edən nəşr bu qarşılaşmaların 190-da məhz Qurban Qurbanovun komandanı meydana çıxardığını vurğulayıb: “2008-ci ildən əvvəl Azərbaycan futbolunun nisbətən təvazökar klubu sayılan “Qarabağ” onun gəlişindən sonra Avropada tanınan və rəqiblər tərəfindən ciddiyə alınan komandalardan birinə çevrilib”.
“The Guardian” komandanın sabiq futbolçusu Maksim Medvedevin həmin dövrü necə xatırlaması ilə bağlı fikirlərinə də yer verib:
“O zaman yerli məşqçilərə çox az etimad göstərilirdi. Qurbanov gənc idi və ondan böyük gözləntilər yox idi. Amma qısa müddətdə onun nə qədər güclü mütəxəssis olduğunu anladıq. İlk mövsümdə Azərbaycan Kubokunu qazandıq, daha sonra Avropa Liqasının seçmə mərhələsində “Rosenborq”u məğlub etdik. Həmin andan hər şey dəyişdi”.
Məqalədə daha sonra deyilir:
“Qarabağ” Qurban Qurbanovla ilk Azərbaycan çempionluğunu 2014-cü ildə qazandı. Bundan sonra klub ölkə futbolunda hegemonluğa çevrilərək son 11 mövsümün 10-da çempion titulunu əldə etdi. Paralel olaraq Avropa Liqasının qrup mərhələlərində mütəmadi iştirak edən komanda 2017-ci ildə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı.
Bu uğurlar Azərbaycan üçün təkcə idman baxımından deyil, həm də simvolik əhəmiyyət daşıyır. “Qarabağ” klubu tarixi olaraq Ağdamla bağlıdır. Uzun illər işğal altında qalan şəhər 2020-ci ildən sonra yenidən Azərbaycanın nəzarətinə qayıdıb və hazırda bərpa olunur".
Qurban Qurbanovun əsas prinsiplərindən biri bahalı ulduz transferlərindən imtina edib kollektiv güc yaratmaqdır.
“Biz heç vaxt top ulduzlar transfer etmədik. Qurbanov üçün bütün futbolçular bərabərdir. O, hər kəsdən eyni intizam və məsuliyyət tələb edir. Sərt məşqçidir, amma son dərəcə ədalətlidir. Həmişə futbolçularını qoruyur”, - deyə Maksim Medvedev bildirir.
Komandanın oyun üslubunun da bu fəlsəfənin nəticəsi olduğu bildirilir:
"Topa nəzarət, təşəbbüsü əldən verməmək və istənilən rəqibə qarşı cəsarətli futbol. Bu yanaşma Avropada səs-küylü nəticələrə gətirib. “Qarabağ” son illərdə “Braqa”, “Bayer”, “Benfika”, “Kopenhagen”, “Çelsi” və “Ayntraxt” kimi klublara qarşı yadda qalan oyunlar keçirib".
“Azərbaycan futbol tarixində bir zamanlar əsas simvol kimi Tofiq Bəhramovun adı çəkilirdisə, bu gün bu statusu Qurban Qurbanov daşıyır. O, Azərbaycan futbolunun əfsanəsidir. Bizim öz Azərbaycanlı Ser Aleks Ferqussonumuzdur”, - deyə Medvedev bildirir.
Məqalənin sonunda qeyd edilir ki, indi isə növbə Enfilddədir. Qurban Qurbanov və “Qarabağ” Avropa futbolunda növbəti tarixi səhifəni yazmaq üçün “Liverpul” qarşısında meydana çıxacaq.