The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24.01.2026

Mia.az saytına istinadən Icma.az xəbər verir.

"The Washington Post" qəzetində Michael Doran imzası ilə dərc olunan məqalə mühüm bir reallığı açıq şəkildə ortaya qoyur: İranın gələcəyi təkcə Tehranla müəyyənləşmir.

Məqalənin əsas tezisi sadədir: İranın zəif nöqtəsi mərkəz deyil, sərhədlərdir. Farslar mərkəzi yaylada çoxluq təşkil etsələr də, ölkənin ətrafı etnik baxımdan qonşu dövlətlərlə birbaşa bağlıdır. Və bu xəritədə ən kritik xətt Güney Azərbaycandır.

Doran xatırladır ki, İranda yaşayan azərbaycanlıların sayı Azərbaycan Respublikasındakından çoxdur və son illər bu toplumda narahatlıq artır. Türkiyə və Azərbaycan mediasının izlənməsi, ana dilində təhsil tələbi, kimlik şüurunun güclənməsi aşkar şəkildə ortadadır.

Bu, separatizm deyil. Bu, xaos qorxusudur. Xüsusən də belə bir ssenari fonunda. Xamenei gedir, amma sistem qalır. İnqilab Keşikçiləri ideologiyanı atıb fars millətçi diktaturasına çevrilir.

Eyni zamanda Quzey Azərbaycan artıq 1990-cı illərin zəif dövləti deyil. Bu gün Azərbaycan NATO standartlarına yaxın orduya, Türkiyə ilə strateji ittifaqa, İsraillə təhlükəsizlik əməkdaşlığına malik regional aktordur.

Və məhz buna görə Doran açıq şəkildə yazır: ABŞ İranın gələcəyini planlaşdırarkən bölgə ölkələri ilə, xüsusən də Ilham Aliyev ilə məsləhətləşməlidir.

Bu, Qərbin xeyirxahlığı deyil. Bu, demokratiya romantikası da deyil. Bu, soyuq güc hesabıdır. ABŞ İranı dəyişmək üçün şüar demir, xəritəyə baxır.

Güney Azərbaycan məsələsinin yenidən beynəlxalq müzakirə müstəvisinə daxil olması da bunun göstəricisidir. Bu, sabah müstəqillik demək deyil. Amma bu o deməkdir ki, xaos zamanı bu bölgə artıq “kor zona” sayılmır.

İranın gələcəyi təkcə Tehranla müəyyənləşmir. Və bu, region üçün yeni mərhələnin başladığını göstərir. 
Güney Azərbaycan məsələsinə Qərbin xüsusi diqqət göstərəcyi barədə mən dəfələrlə yazmışdım.

Əslində bu diqqət həmişə mövcud olub. Çünki Güney Azərbaycan o qədər geniş miqyaslı bir gücdür ki, bunu nəzərə almamaq sadəcə mümkün deyil. Michael Doran öz yazısı ilə bu həqiqəti etiraf etdi və açıq şəkildə dilə gətirdi. Bu baxımdan bu məqalə xüsusi önəm daşıyır. Əminliklə demək olar ki, ABŞ-ın İran siyasətində bundan sonra Güney Azərbaycan faktoru daha qabarıq şəkil alacaq.

Eyni zamanda müəllifin Güney Azərbaycan məsələsi ilə bağlı İlham Əliyevin xüsusi statusda olduğunu da vurğulaması təsadüfi deyil. Yəni bəri başdan bəllidir ki, Amerikanın öz müttəfiqləri ilə bərabər quracağı İran masasında Azərbaycan prezidenti İlham Əliyev də yer alacaq. Artıq bu yanaşma “olmazsa, olmaz” hökmündədir...

Elbəyi Həsənli. Sürix

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью