Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 16 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə assosiasiyalarla keçirilən silsilə görüşlər davam etdirilir.
DVX-dən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə növbəti görüş “Özəl Tibb Müəssisələri Assosiasiyası”nın üzvləri və “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası”nın Səhiyyə Komitəsinin nümayəndələri ilə keçirilib.
İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə biznes subyektləri tərəfindən təqdim olunan “Özəl səhiyyənin inkişafı Konsepsiyası” çərçivəsində səhiyyə sektorunun təşviqi və şəffaflığın artırılması istiqamətində hazırlanmış təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bundan başqa, tibb sahəsi üzrə əvvəlki görüşlərdə səsləndirilən təkliflərin qanunvericilikdə nəzərə alınması və sektor nümayəndələrinin müraciətləri əsasında nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50 faizinin geri qaytarılması güzəştinin tətbiq müddətinin daha 3 il uzadılması barədə iştirakçılara ətraflı məlumat verilib.
Assosiasiya nümayəndələri bu formatda keçirilən görüşlərin biznes mühitində mövcud çağırışların vaxtında müəyyənləşdirilməsi və onların həlli üçün səmərəli mexanizmlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, sektor üzrə gündəlik fəaliyyət zamanı qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıb, səhiyyə sahəsinin inkişafına dair təkliflərini səsləndiriblər.
Görüşdə tibb müəssisələrində göstərilən xidmətlərin tam və şəffaf şəkildə rəsmiləşdirilməsi, fiskal öhdəliklərin optimallaşdırılması, eləcə də səhiyyə sektorunda şəffaflığın daha da artırılması məsələləri müzakirə olunub.
Sonda dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi və sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib.