Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Alimlər ilk dəfə olaraq ən çox rast gəlinən böyrək daşı növünün tərkibində bakteriyaların mövcud olduğunu müəyyən ediblər.
Bakupost.az Avropa mətbuatına istinadən xəbər verir ki, bu kəşf böyrək daşlarının yaranmasında indiyədək nəzərə alınmayan bioloji mexanizmin rol oynaya biləcəyini göstərir.
Kaliforniya Universitetinin Los-Anceles kampusunun (UCLA) rəhbərliyi ilə aparılan araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunacaq. Tədqiqat milyonlarla insanı təsir edən və çox vaxt şiddətli ağrılarla müşayiət olunan böyrək daşlarının qarşısının alınması və müalicəsi üçün yeni yanaşmalara yol aça bilər.
Araşdırmanın müəlliflərindən Kimora Şotland bildirib ki, bu nəticələr böyrək daşlarının yalnız kimyəvi və fiziki proseslər nəticəsində formalaşdığına dair mövcud yanaşmanı sual altına alır:
“Biz göstəririk ki, bakteriyalar daşların daxilində yaşaya və onların formalaşmasına aktiv şəkildə töhfə verə bilər.”
Böyrək daşlarının təxminən 80%-ni təşkil edən kalsium oksalat (CaOx) daşlarında indiyədək bakteriya varlığı təsdiqlənməmişdi. Araşdırma zamanı elektron və floresan mikroskopiya üsulları ilə bu daşların daxilində canlı bakteriyalar və kristallarla birləşmiş biofilmlər aşkar edilib.
Alimlər bildirirlər ki, bu tapıntı təkrarlanan sidik yolu infeksiyaları ilə böyrək daşlarının yenidən yaranması arasındakı əlaqəyə də aydınlıq gətirə bilər. Tədqiqatçılar bakteriyalarla kalsium əsaslı daşlar arasındakı qarşılıqlı təsiri daha dərindən anlamaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
Gülsüm, BakuPost