Tibbi Sığortanın tətbiqindən sonra həkimlərin gəliri nə qədər ARTIB?

23.01.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə sistemində çalışan həkimlərin əməkhaqqısı ilə bağlı məsələ cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Xüsusilə həkimlərin aylıq gəlirlərinin artıb-artmadığı, ödəniş mexanizminin hansı prinsiplər əsasında formalaşdığı maraq doğurur.

BAKU.WS bu sualla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, icbari tibbi sığortanın tətbiqindən sonra TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməkhaqqısı "Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"na əsasən müəyyən edilir və bu zaman onların xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəriciləri üzrə qiymətləndirilir.

Məlumata görə, həkimlərin əməkhaqqısı bir neçə əsas hissədən ibarətdir. Bunlara vəzifə, iş stajı və fəaliyyətin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən tarif maaşı daxildir. Tarif maaşı iş stajına görə 550 manatdan 870 manatadək dəyişir.

Bundan əlavə, aylıq sabit həvəsləndirici əlavələr tətbiq olunur. Belə ki, ixtisas həkimlərinə hər ay 800 manat, ailə həkimlərinə 500 manat sabit əlavə ödənilir. Təcili və təxirəsalınmaz tibbi yardım şöbələrinin həkimləri üçün isə bu məbləğ 250 manat təşkil edir. Qeyd olunub ki, bu ödənişlər həkimlərin baxdığı pasiyent sayından və iş yükündən asılı olmayaraq hər ay verilir.

Həkimlərə işin nəticələrinə görə aylıq bonuslar da təyin edilir. Bonus məbləği göstərilən tibbi xidmətin tarifindən və müayinə olunan pasiyentlərin sayından asılı olaraq dəyişir. Gün ərzində bonus hesablanan pasiyent sayı tibbi xidmətin növünə görə 15–35 nəfər arasında dəyişir və ümumilikdə 300–700 pasiyentin müayinəsinə görə bonus ödənilə bilər.

Agentlik həmçinin əmək şəraitinə görə əlavə ödənişlərin və qanunvericiliklə nəzərdə tutulmuş digər haqların mövcud olduğunu bildirib. Eyni zamanda qeyd edilib ki, Azərbaycan qanunvericiliyinə əsasən muzdla çalışan bütün işçilərin əməkhaqqısından aylıq məcburi tutulmalar həyata keçirilir.

Şahanə Xankişiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью