Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstandakı İnkişaf Elçiləri proqramının nümayəndələri Bolnisi şəhərində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olublar.
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov qonaqlara ətraflı məlumat verərək bildirib ki, mərkəz 2021-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətə başlayıb. Mərkəzdə müxtəlif dil kursları, təlimlər, maarifləndirici görüşlər, eləcə də gənclərin təhsil və inkişafına yönəlmiş müxtəlif layihələr həyata keçirilir. O, TİKA-nın Gürcüstan nümayəndəliyi ilə 2023-cü ildən etibarən qurulan əməkdaşlığın nəticələri haqda danışaraq qeyd edib ki, bir il əvvəl TİKA-nın dəstəyi ilə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin maddi-texniki bazasının yenilənməsinə dəstək göstərilib. Bu dəstək isə mərkəzdə təhsil alan gənclərin daha əlverişli şəraitdə inkişafına mühüm töhfə verib.
TİKA-nın Gürcüstan üzrə koordinatoru Salih Özer agentliyin Gürcüstanda həyata keçirdiyi layihələr və müxtəlif istiqamətlərdə görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.
Görüşdə iştirak edən ziyalılar və qonaqlar da çıxış edərək TİKA-nın Bolnisidə həyata keçirdiyi işləri yüksək qiymətləndirib və göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.Tədbir çərçivəsində professor Şürəddin Məmmədli müəllifi olduğu kitabları qonaqlara təqdim edib.
Tədbirin bədii hissəsində Aşıq Samir saz sənətinin nümunələri ilə qonaqlar qarşısında çıxış edib. Aşığın ifaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Qonaqlar Leyla Məmmədəlizadənin rəsm əsərləri ilə də tanış olublar. Bolnisidə fəaliyyət göstərən gənc idmançılarla görüşən qonaqlar onların fəaliyyəti, əldə etdikləri nəticələr və uğurları ilə maraqlanıblar.
Qonaqlar həm də Bolnisi şəhəri ilə tanış olub, bir sıra mədəni və tarixi məkanları ziyarət ediblər. Qonaqlara Bolnisinin tarixi və mədəni irsi haqqında məlumat verilib.
P.ƏMİRCANOV
XQ