Bakupost saytına istinadən Icma.az xəbər verir.
Dünyanın ən populyar qısa video tətbiqi TikTok ABŞ-də fəaliyyətlərini davam etdirməsi üçün çoxdan gözlənilən sazişi imzaladı.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, sosial şəbəkənin səhmlərinin böyük hissəsi Çinli olmayan sərmayəçilərə satılıb. Bu qərar tətbiqin ABŞ-də tam qadağan edilməsinin qarşısını almaq üçün atılıb.
Razılaşmaya görə TikTok-un Çinli sahibi “ByteDance” şirkəti biznesinin 80,1 %-ni amerikalı və beynəlxalq sərmayəçilərə verib, özünə isə 19,9 % pay saxlayıb. Səhmlərin böyük hissəsini alan şirkətlər arasında texnologiya nəhəngi “Oracle”, “Silver Lake” və BƏƏ də yerləşən “MGX Investment” şirkəti var.
Bu struktur çərçivəsində yaradılan yeni şirkət – “TikTok USDS Joint Venture LLC” ABŞ istifadəçilərinin məlumatlarının gizliliyi və kibertəhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Razılaşma ilə Amerika bazarında məlumatların saxlanması, alqoritmlərin təhlükəsizliyi və məzmunun moderasiyası kimi sahələrdə sərmayəçilər rəhbərliyi ələ alacaq.
TikTok bu razılaşmanı vaxtında bağlamaqla ABŞ da 200 milyondan çox istifadəçisi üçün tətbiqin fəaliyyətini qoruyub. Razılaşma həmçinin 2024 cü ildə qəbul edilmiş və TikTok ABŞ fəaliyyətlərini Çinli şirkət tərəfindən idarə edildiyi təqdirdə qadağan etməyi tələb edən qanunla bağlı uzun sürən siyasi və hüquqi mübahisələri xeyli yüngülləşdirib.
Yeni qurulan şirkətin idarəetməsi Adam Presserə tapşırılıb. Şirkətin idarə heyəti əsasən amerikalı mütəxəssislərdən ibarət olacaq. “ByteDance” isə müəyyən dəstək funksiyalarını saxlamaqla 19,9 % payla strateji iştirakçısı kimi qalacaq.
Razılaşma həm ABŞ, həm də Çin hökumətləri tərəfindən təsdiqlənib və bu, tətbiqin nəticə etibarilə qlobal fəaliyyətinin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün mühüm addım sayılır.
Bu yeni addım TikTok un ABŞ bazarında tamamilə yeni səhifə açdığını göstərir – əvvəllər Çin şirkətinə məxsus olan böyük fəaliyyət hissəsi indi “Çinli olmayan” sərmayəçilər tərəfindən idarə olunacaq və bu, qlobal texnologiya sektorunda geosiyasi və tənzimləmə baxımından əhəmiyyətli dönüş kimi qiymətləndirilir.
Cavid, BakuPost