Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“TikTok və Instagram kimi sosial şəbəkələrdə yayılan pəhriz məsləhətlərinə kor-koranə inanmaq sağlamlıq üçün ciddi risklər yarada bilər”.
Bu fikirləri dietoloq Məhəmməd Abdullayev KONKRET.az-a açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, insanları pəhrizə təşviq edənləri iki qrupa ayırmaq lazımdır:
“Birinci qrup həqiqətən mütəxəssis olan və insanları düzgün istiqamətə yönəldən şəxslərdir. Digər qrup isə heç bir ixtisası olmayan, kliniki bilik və məsuliyyət daşımayan insanlardır. Təəssüf ki, bu cür məsuliyyətsiz şəxslərin sayı daha çoxdur və onlar daha cəsarətli olduqları üçün bazarda özlərini daha yaxşı “sata” bilirlər.”
Dietoloq bildirib ki, bir çox hallarda saxta mütəxəssislər real dietoloqların hazırladığı pəhriz proqramlarını oğurlayaraq öz adlarına təqdim edirlər:
“Məsələn, mənim və ya başqa mütəxəssislərin proqramlarını götürüb özlərininki kimi paylaşırlar. Halbuki insanların xəstəliklərini, fərdi xüsusiyyətlərini bilmirlər. Fərdi yanaşma anlayışından xəbərsizdirlər. Ən azı baza təhsilləri olmadığı üçün insanlara düzgün istiqamət vermirlər.”
Məhəmməd Abdullayev vurğulayıb ki, bu vəziyyətdə əsas məsuliyyət izləyicilərin üzərinə düşür:
“İnsanlar daha seçici davranmalıdır. Kimlə yol getsələr, kimdən məsləhət alsalar, onun ixtisasına və biliklərinə diqqət yetirməlidirlər. Ancaq bu halda sağlam və faydalı nəticə əldə etmək olar.”
Mütəxəssislər sosial şəbəkələrdə yayılan hər pəhriz tövsiyəsinə inanmaq əvəzinə, rəsmi təhsili və təcrübəsi olan dietoloqlara müraciət etməyi tövsiyə edirlər.
Aynurə İsmayıl
KONKRET.az
