Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
ABŞ-nin Florida ştatında dəhşətli hadisə baş verib. 31 yaşlı turist Brittani Klark timsahın hücumuna məruz qalıb və aldığı ağır xəsarətlərdən həyatını itirib.
Redaktor.az xəbər verir ki, “New York Post”un məlumatına görə, hadisə Klarkın sevgilisi Çens Ellison və dostu Ceyden Hernandezlə birlikdə çayda üzərkən baş verib.
Təxminən 4 metr uzunluğunda olan timsah qəfil suya girən qadına hücum edib. Klarkın sevgilisi onu yırtıcının çənələrindən xilas etməyə çalışsa da, buna nail ola bilməyib.
Yarılma zamanı qadının hər iki qolunda ağır travmatik xəsarətlər, həmçinin sol körpücük sümüyü, kürək sümüyü və sol əlində timsah dişlərinin izləri aşkarlanıb.
Şiddətli qanaxma keçirən Klark xilasediciləri gözləyərkən sevgilisindən onlarla birlikdə olan alman çoban iti Hokiyə qulluq etməsini istəyib. Bu, onun son sözlərindən biri olub.
Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra ovçular ərazidə bir timsahı öldürüblər. Aparılan DNT testi onun Klarka hücum edən timsah olduğunu təsdiqləyib.
Aytəkin TOFİQQIZI