Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Cons Hopkins Universitetinin Tətbiqi Fizika Laboratoriyasının mütəxəssislər qrupu, NASA-nın "Dragonfly" (İynəcə) kosmik aparatının təxminən 4 metr uzunluğundakı füzelyajını (gövdəsini) yığımın növbəti mərhələsi üçün vaxtından əvvəl təhvil verib. Bu mühüm addımdan öncə, eniş modulunun karkası təxminən bir ay davam edən struktur sınaqlarından keçib. Sözügedən karkas gələcək aparatın vizual simasını formalaşdıran bir çox elementi — o cümlədən eniş xizəklərini ( полозья), kosmik gəminin enerji mənbəyi üçün nəzərdə tutulmuş qoruyucu qapağı və gələcəkdə 8 pər dəstinin bərkidiləcəyi xüsusi kronşteynləri özündə birləşdirir.
Mühəndis və texniklər bu unikal vintqanadlı uçan aparatın daşıyıcı gövdə strukturunun kosmosa fırlanma, Titanın atmosferinə daxilolma və onun səthinə eniş anındakı ağır yüklənmələrə tab gətirəcəyinə əmin olmaq üçün onu vibrasiya və hermetiklik testlərinə cəlb ediblər.
Vibrasiya sınaqları üçün komanda "Dragonfly"ın üzərinə göyərtə cihazları və elektronikanın əvəzinə onların çəkisini imitasiya edən xüsusi kütlə modelləri quraşdırıb. Daha sonra aparat uzun elastik kanatlardan asılaraq yerdən bir neçə düym hündürlükdə saxlanılıb. Bu vəziyyətdə, pərlərin yerləşdiyi nöqtələrdə yaranan mexaniki vibrasiyaların çərçivə vasitəsilə əsas gövdədəki kritik datçiklərə necə ötürüldüyü dəqiqliklə ölçülüb. Test zamanı həmçinin eniş konfiqurasiyası da yoxlanılıb: mühəndislər aparatın Titan səthində özünü necə aparacağını müəyyənləşdirmək üçün eniş modulunu qoruyucu altlığın üzərinə endirərək xizəklərə düşən təzyiqi qeydə alıblar.
"Dragonfly" aparatının fəaliyyət göstərəcəyi Titan peykində atmosfer Yer kürəsi ilə müqayisədə qat-qat sıx və soyuqdur, buradakı atmosfer təzyiqi isə Yerdəkindən təxminən 1,5 dəfə yüksəkdir. Məhz buna görə də mühəndislər aparatın hermetikliyini ciddi şəkildə yoxlayıblar: onlar xarici təbəqənin daxilində yüksək təzyiq yaradaraq, havanın sızmasına yol aça biləcək ən kiçik çatları və boşluqları belə axtarıb tapmağa çalışıblar.
Struktur sınaqlarının uğurla başa çatmasından sonra komanda mexaniki, termal və elektrik sistemlərinin inteqrasiyasına start verib. Bu proses eniş modulunu real uçan elmi laboratoriyaya çevirəcək mühüm bir mərhələdir.
Yaxın bir ay ərzində "Dragonfly"ın füzelyajına uçuş arakəsmələri, həmçinin kosmik gəminin bütün sistemlərini bir-birinə bağlayacaq naqillər, kabellər və bağlayıcılardan ibarət elektrik "əsəb sistemi" quraşdırılacaq. Daha sonra, missiyanın ABŞ-nin müxtəlif ştatlarında fəaliyyət göstərən tərəfdaşları öz yığım və sınaq kampaniyalarını bitirdikcə, aparata elektron bloklar, avionika sistemləri və ən müasir elmi avadanlıqlar yerləşdiriləcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ