“Titanik”dən sağ çıxan qadının üzüyü hərraca çıxarıldı

22.11.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

“Titanik” faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb.

Axşam.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat) qiymətləndirilib.

Lüsi Daff-Qordon 1912-ci ildə həyat yoldaşı ilə birlikdə “Titanik” gəmisində səyahət edərkən faciədən sağ çıxıb. Onun barmağında olan və nişan üzüyü olduğu ehtimal edilən brilyant qaşlı zinət əşyası gəmi qəzasından salamat qalan yeganə dəyərli şəxsi əşyası olub.

Üzük onilliklər ərzində ailədə qorunaraq nəsildən-nəslə ötürülüb. Hərracda onun mənşəyini təsdiqləyən imzalı məktub və brilyantın rəsmi sertifikatı da təqdim olunub.

Qeyd edək ki, Daff-Qordon və həyat yoldaşı 40 nəfərlik xilasetmə qayığında cəmi 12 nəfərin olduğu vaxt xilas ediliblər. Sonradan cütlük digər sərnişinləri xilas etmədən gəmini tərk etmək üçün qayıq heyətinə rüşvət verməkdə ittiham olunsa da, bu iddialar təsdiqini tapmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью