Tıxacda “boğulan” Bakı: Çıxış yolu nədir?

21.09.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar ən çox müzakirə olunan məsələlərdən biri də paytaxtdakı tıxac problemidir.

Uzun müddətdir ki, bu məsələ ilə bağlı müxtəlif istiqamətlərdə təkliflər irəli sürülməsinə baxmayaraq hələ də paytaxtda tıxac problemi nəinki aradan qalxmır, əksinə daha da dərinləşir. 

Son günlər isə bu sahədə mövcud vəziyyət pik həddinə çatıb. Hətta Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Arzuxan Əlizadə bildirib ki, şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir: 

“Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”.

Göründüyü kimi, tıxacla bağlı uzun müddətdir ki, müzakirələr aparılmasına, bir sıra layihələr təqdim edilməsinə baxmayaraq, vəziyyət “dalana dirənib”.

Doğrudanmı, bu problemin həlli yolu yoxdur?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, Bakıda tıxac probleminin həlli yolunun olmadığını demək düzgün yanaşma deyil:

“Əksinə, bu problemin həlli üçün dünyada kifayət qədər sınaqdan çıxmış nəqliyyat modelləri mövcuddur. Əsas məsələ həmin tədbirlərin ayrı-ayrılıqda deyil, vahid sistem daxilində və ardıcıl şəkildə həyata keçirilməsidir. Tıxac artıq sadəcə sürücünün yolda gecikməsi məsələsi deyil, şəhərin iqtisadi və sosial həyatına birbaşa təsir göstərən ciddi problemdir. İnsan səhər işə çatmaq üçün normadan xeyli artıq vaxt sərf edir, axşam da eyni vəziyyət təkrarlanır və nəticədə günün əhəmiyyətli hissəsi yolda keçir.

Bu gecikmələr işçi ilə işəgötürən arasında narazılığa, iş prosesinin pozulmasına, məhsuldarlığın aşağı düşməsinə, yanacaq sərfiyyatının və nəqliyyat xərclərinin artmasına, insanların yorğunluğuna və ümumi həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Ona görə də tıxaca yalnız “yollarda avtomobil çoxdur” prizmasından baxmaq doğru deyil.  Əsas sual budur ki, niyə hər gün eyni saatlarda, eyni istiqamətlərdə və eyni yol qovşaqlarında problem təkrarlanır?

Əgər sıxlıq hər gün eyni nöqtələrdə yaranırsa, deməli, həmin ərazilər üzrə məlumat toplamaq, səbəbləri müəyyənləşdirmək və konkret müdaxilə planı hazırlamaq mümkündür. Bakı üçün ən vacib məsələlərdən biri şəhərə daxil olan böyük nəqliyyat axınının düzgün idarə edilməsidir. Şəhərətrafı ərazilərdən hər səhər minlərlə insan şəxsi avtomobillə mərkəz istiqamətinə hərəkət edir, axşam isə həmin böyük axın əks istiqamətdə geri qayıdır.

Bu yükü yalnız yol genişləndirməklə idarə etmək mümkün deyil. Çünki yolun buraxıcılıq qabiliyyəti artırıldıqca müəyyən müddətdən sonra əlavə avtomobil tələbi də yarana bilər.  Buna görə də şəhərin girişlərində böyük “park et və davam et” sistemlərinin yaradılması, insanların avtomobilini şəhərin kənarında saxlayaraq metro, avtobus və digər ictimai nəqliyyat vasitələri ilə səfərinə davam etməsi üçün real imkan yaradılması vacibdir”. 

Onun sözlərinə görə, bununla yanaşı, ictimai nəqliyyat şəxsi avtomobildən daha sürətli, rahat və proqnozlaşdırılan olmalıdır:

“Əgər vətəndaş avtomobillə işə 60 dəqiqəyə, avtobusla isə 90 dəqiqəyə çatırsa, ondan avtomobildən imtina etməsini gözləmək real deyil.
Əksinə, avtobus zolaqları fasiləsiz olmalı, avtobus həmin zolaqda tıxacdan kənar hərəkət etməli, intervallar dəqiq qorunmalı və metro ilə avtobus şəbəkəsi vahid nəqliyyat sistemi kimi işləməlidir.

Digər mühüm məsələ iş və təhsil saatlarının eyni vaxt intervalında cəmləşməsidir. Səhər qısa müddət ərzində yüz minlərlə insanın eyni istiqamətlərə hərəkət etməsi yol şəbəkəsinə çox böyük yük yaradır. Dövlət qurumları, özəl şirkətlər, ali məktəblər və digər böyük müəssisələr üzrə işə başlama və bitmə saatlarının mərhələli təşkil edilməsi bu yükün gün ərzində daha bərabər bölüşdürülməsinə kömək edə bilər. Məktəblərin ətrafında səhər və axşam yaranan sıxlığa da ayrıca yanaşmaq lazımdır. 

Bir məktəbin qarşısında yüzlərlə valideynin eyni vaxtda avtomobillə dayanması həmin küçənin deyil, ətrafdakı bir neçə yolun hərəkətinə təsir göstərə bilir. İşıqforların idarə olunması da müasir texnologiyalara əsaslanmalıdır. Eyni işıqfor rejiminin günün bütün saatlarında tətbiqi əvəzinə real vaxtda avtomobil axınını ölçən, sıxlığın hansı istiqamətdə artdığını müəyyən edən və yaşıl işığın müddətini buna uyğun dəyişən adaptiv sistemlər genişləndirilməlidir”. 

Ekspert deyir ki, yol-nəqliyyat hadisələri və nasaz avtomobillər də əsas magistrallarda tıxacın qısa müddətdə kilometrlərlə uzanmasına səbəb olur, buna görə belə hadisələrə müdaxilə və yolun hərəkət hissəsinin boşaldılması mümkün qədər sürətli təşkil edilməlidir: 

“Şəhərin mərkəzində parklanma siyasəti də tıxacla mübarizənin ayrılmaz hissəsidir. İkinci cərgədə dayanma, yolun hərəkət hissəsinin parklanma məqsədilə tutulması, taksi və çatdırılma avtomobillərinin nizamsız dayanması bəzən üçzolaqlı yolun faktiki olaraq iki və ya bir zolaqla işləməsinə gətirib çıxarır.
Burada nəzarətlə yanaşı, alternativ dayanma və parklanma imkanları da yaradılmalıdır. 

Eyni zamanda, Bakı üçün metro şəbəkəsinin genişləndirilməsi uzunmüddətli həllin əsas elementlərindən biridir. Çünki böyük şəhərlərdə yüksək sərnişin axınını yalnız avtobus və şəxsi avtomobillə daşımaq mümkün deyil. Ekspres avtobus marşrutları, şəhərətrafı dəmir yolu, metro, adi avtobuslar, mikromobillik və piyada infrastrukturu bir-birini tamamlayan vahid şəbəkə şəklində qurulmalıdır.

Ən vacib məsələlərdən biri isə görülən tədbirlərin nəticəsinin ölçülməsidir. Cəmiyyətə yalnız neçə kilometr avtobus zolağı çəkildiyi, neçə avtobus alındığı və ya neçə yolun təmir edildiyi deyil, bunun nəticəsində vətəndaşın səfər vaxtının neçə dəqiqə azaldığı göstərilməlidir.

Məsələn, müəyyən istiqamətdə səhər səfəri əvvəllər 70 dəqiqə çəkirdisə, görülən tədbirlərdən sonra 50 dəqiqəyə düşübsə, bu artıq ölçülə bilən nəticədir. 

Əgər böyük layihələr həyata keçirilir, amma insanın gündəlik səfər müddəti azalmırsa, deməli, yanaşmaya yenidən baxılmalıdır.
Tıxac bir gündə yaranmadığı kimi, bir qərarla da aradan qalxmayacaq, lakin bu, problemin həllinin olmadığı anlamına gəlmir. Həll yolu var: şəxsi avtomobildən asılılığın mərhələli azaldılması, güclü və sürətli ictimai nəqliyyat, metro və şəhərətrafı dəmir yolunun inkişafı, fasiləsiz avtobus zolaqları, “ağıllı işıqfor” idarəetməsi, düzgün parklanma siyasəti, iş və təhsil saatlarının optimallaşdırılması, şəhərin girişlərində “park et və davam et” mərkəzləri, yol hadisələrinə operativ müdaxilə və bütün bunların vahid nəqliyyat idarəetmə sistemi altında əlaqələndirilməsi.

Məqsəd bütün avtomobillərin yollarını açmaq deyil, şəhərdə yaşayan milyonlarla insanın mümkün qədər az vaxt itirərək təhlükəsiz və rahat şəkildə mənzilbaşına çatmasını təmin etmək olmalıdır. Tıxacın həlli üçün əsas göstərici də avtomobillərin sayı deyil, insanların gündəlik səfərə sərf etdiyi vaxtın nə qədər azaldılmasıdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: tıxac Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью