Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Xaoslu miqrasiya axınları Avropa ölkələrinin təhlükəsizliyinə ciddi ziyan vurub, BMT-nin nüfuzu dərin şəkildə azalıb və qlobal vəziyyət hazırda “soyuq müharibə” dövründən daha mürəkkəbdir. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində bildirib.
Məlumatı TASS verib.
Onun sözlərinə görə, "dünya ölkələri arasında absurd və əsassız ittihamlar, gizli qarşıdurmalar güclənib və dünyanın aparıcı gücləri arasında ümumi qarşılıqlı etimad böhranı yaranıb. Nəzarətsiz, xaotik miqrasiya axınları xeyli artıb və biz bunun bir sıra Avropa ölkələrinin təhlükəsizliyinə necə ciddi ziyan vurduğunu öz gözlərimizlə gördük. Birləşmiş Millətlər Təşkilatının nüfuzu dərin şəkildə azalır və beynəlxalq hüququn dəyəri əhəmiyyətli dərəcədə azalıb”, - deyə o bildirib.
Tokayev əlavə edib ki, qlobal hadisələri proqnozlaşdırmaq bir çox siyasətçilər və ekspertlər üçün qeyri-mümkün bir vəzifəyə çevrilib: “Bütün qlobal birliyin qarışıqlıq dövründə yaşadığını demək mübaliğəsizdir. Belə mürəkkəb və gözlənilməz vəziyyət hətta soyuq müharibə dövründə də müşahidə olunmayıb”.
Tokayev qeyd edib ki, məhz belə bir dövrdə Qazaxıstan respublikada dərin islahatlar həyata keçirməyə başlayıb ki, bu da qlobal miqyasda “son dərəcə nadir haldır”. O, xalqı ölkənin suverenliyini möhkəmləndirməyə çağırıb.
P.ƏMİRCANOV
XQ