Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 7 noyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüş zamanı Astananın Amerika liderinin sülhməramlı təşəbbüslərini dəstəklədiyini bildirib.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti, həmçinin Orta Dəhlizin daha da inkişaf etdirilməsinə kömək edə biləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP, Zəngəzur Dəhlizi) dəstəklədiyini bildirib.
Donald Tramp ABŞ-ın Qazaxıstanla çoxşaxəli, genişləndirilmiş strateji tərəfdaşlığı daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.
Səfər çərçivəsində liderlər Qazaxıstan ilə ABŞ arasında 17 milyard dollardan çox dəyərində ticarət müqavilələrinin imzalanmasını alqışlayıblar.
Söhbət zamanı ikitərəfli məsələlərin geniş spektri üzrə hərtərəfli fikir mübadiləsi aparılıb və qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivli sahələr müəyyən edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana