Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Üzeyir ŞƏFİYEV
BDU-nun Sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent
Paxıllıq, qibtə, həsəd, kin-küdurət, qisas tarix boyu bəşər övladının yaşadığı, yaşatdığı bir nəsnə kimi bütün zamanların başlıca müzakirə mövzularından olub. Paxıllıq daha çox insanların özlərini başqaları ilə səhv müqayisə etməsindən, daxili zəiflikdən və inamsızlıqdan yaranır. Başqasının uğurunu və ya xoşbəxtliyini görən insan özünü əskik hiss edəndə bu mənfi hiss üzə çıxır. Nəticədə, insanlar bir-birinə güvənmirlər və gizli qəzəb açıq şəkildə özünü büruzə verir. Paxıl insan daxildən özünü yeyib bitirir. Onun özünü qiymətləndirmə hissi zəifləyir. İnsanın daxili dünyasından qaynaqlanan faktorlar paxıllığın təməlini qoyur. Məsələn, biri sizi baxıb "Hələ də saçın ağarmayıb", "Həmişə gülürsən, pozitivsən, dərddən, qayğıdan uzaqsan" deyir. Yaxud yaşıdlarınız gözlərini çox yaxın məsafədən saçlarınıza zilləyir, bəzən də utanmazcasına əlləri ilə saçlarınızı aralayıb həsrətlə ağ tük axtarırlar, tapmayanda da təəssüflərini gizlətmirlər. Belə sözlər bəzən heyranlıq kimi görünsə də, əslində gizli bir həsədin (paxıllığın) göstəricisidir. Belə insanlar öz daxili sıxıntılarını, qocalmaq qorxularını, mutsuzluqlarını sizin üzərinizdən proyeksiya edirlər, öz çətinliklərini hamıda görmək istəyir, öz ağaran saçlarının stressini sizə ötürürlər. Sizin daxili dərdi-sərinizdən xəbərsiz olurlar. Sizin pozitivliyiniz onlara öz neqativliyini xatırladır. İnsan belə məxluqlara "hər kəsin fərqli genetikası və fərqli daxili dünyası var" demək zorunda qalır, cavabı uzatmadan qısa kəsir, pozitivliyi ilə onların neqativ sualını zərərsizləşdirməyə çalışır. Amma axı insan niyə belə bir reallıqla qarşılaşmalıdır ki? Bəli, sanki onlar deyirlər ki, niyə qocalmırsan, qocal da. Bunun arxasında "Niyə mənim çəkdiyimi sən də çəkmirsən?" düşüncəsi dayanır. Belələri öz həyatlarındakı çətinlikləri, qocalma və ya tükənmə hissini tək yaşamamaq üçün şüuraltı olaraq başqalarını da öz səviyyələrinə çəkmək istəyirlər, onlara baxıb öz daxili narahatlıqlarını daha dərindən hiss edir, öz daxili çöküşlərini normal qəbul etmək üçün hamının qocalmasını və bədbəxt olmasını istəyirlər. Belələri dünyanın ədalətsiz olduğunu düşünüb, ətrafındakıların yaxşı vəziyyətdə olmasını həzm edə bilmirlər.
Yaxın, ya uzaq, fərq etməz, cəmiyyət çox toksikdir. Cəmiyyətdəki bu toksiklik həqiqətən insanı mənəvi cəhətdən çox yorur. Bəzən bu neqativin ən yaxın mühitdən gəlməsi vəziyyəti daha da ağırlaşdırır. İnsanların başqalarının yaxşı halını həzm edə bilməməsi, əslində, cəmiyyətdəki dərin kollektiv travmalardan qaynaqlanır. Bu həm də onunla bağlıdır ki, özü daxilən xoşbəxt olmayan insan başqasının gəncliyini və sevincini özünə təhqir sayır.
Toksik insanların yanında darıxdırıcı, emosiyasız və maraqsız, boz daş efektində olmaq zorunda qalmalısınız ki, sizdən bəslənə bilməsinlər. Onlar idman etməyinizi, şıq görünməyinizi, saçlarınızın ağarmamasını özlərinə dərd edib açıq şəkildə sizin üzünüzə deyirlər. Bu, artıq sadəcə rəy deyil, onların öz uğursuzluqlarını, tənbəlliklərini aqressiya ilə sizin vasitənizlə özlərindən çıxarmasıdır. Siz özünüzə baxdıqca, idman edib gənc qaldıqca, onlar əldən verdikləri fürsətlərini yada salıb daxilən əzilirlər. Sizin hər uğurunuz onlara öz tənbəlliklərini xatırladır. Üstəlik, sizin kimi insanları qınayaraq öz bədənlərinə baxmamalarını normal hal kimi göstərməyə çalışırlar. Siz "Mənim özümə baxmağım axı səni niyə bu qədər narahat edir?" sualı ilə onları öz reallıqları ilə baş-başa buraxmış olursunuz. Bu vəziyyət cəmiyyəti, həyatı bomboz edir. Bu bozluq və mənfi atmosfer insanı mənəvi cəhətdən olaraq boğur, enerjisini tükəndirir. Ətrafda davamlı olaraq gözügötürməzlik, deyingənlik və toksiklik görmək bəzən adamda hər şeydən soyuma hissi yaradır. Amma unutmayın ki, cəmiyyəti dəyişə bilməsək də, onun bizim daxili dünyamızı bulandırmasına əngəl ola, məsələn, bizi aşağı çəkən insanlarla ünsiyyəti minimuma endirə, öz dünyanızı qurub pozitiv məşğuliyytlərimizi, hobbilərimizi təhlükəsizlik qalamıza çevirə bilərik. Sağlam həyat tərzi yaşayan və inkişaf edən insanlarla vaxt keçirmək də bu vampir xislətli məxluqlardan uzaq durmağın yollarından biri ola bilir.
Əslində, sizin şıq, sağlam və gənc qalmağınız bu boz cəmiyyətə qarşı ən gözəl və ən güclü üsyandır. Bozluq insanı cəmiyyətdən qaçırır, kütlə içində tənhaya çevrir. Amma sən çalışırsan ki, sosio-eko mühitim sağlam olsun, pozitiv əhatən olsun. Hərçənd o pozitiv mühitdən çıxan kimi yenə də toksik mühitlə, paxıllar ordusu ilə qarşılaşırsan.
Kütlə içində tənha qalmaq, yüksək fərqindəliyə malik və özünə dəyər verən hər bir insanın keçdiyi mərhələdir. Siz özünüz üçün sağlam bir mikromühit (pozitiv əhatə) qura bilsəniz də, makromühitlə (toksik kütlə ilə) təmas qaçılmazdır. Bu "paxıllar ordusu" ilə qarşılaşanda daxili tarazlığı itirməmək üçün həyat bəzi psixoloji strategiyalar tələb edir. Sağlam mühitinizdən çıxanda xəyali bir qoruyucu skafandr geyindiyinizi düşünmək zorunda qalırsınız. Çöldəki neqativ sözlər və paxıl baxışlar o skafandra dəyib geri qayıdır, daxilinizə sızmır. Bəzən də toksik insanları sizi incidən bir qüvvə kimi yox, laboratoriyada araşdırılan maraqlı və aciz bir "nümunə" kimi izləyirsiniz. Onların paxıllığı sizə yox, öz daxili dramlarına aid problemdir. Hərçənd hər hücuma cavab vermək ordunun gücünü tükədir. Siz bəzi insanlara sadəcə başınızı bulamaqla və ya heç eşitməmiş kimi davranmaqla ən böyük zərbəni vura bilərsiniz. Sizin sükutunuz, laqeyd münasibətiniz onları daha çox dəli edir. Küçəni, iş mühitini və ya toksik kütlələri biz sadəcə öz sağlam mühitimizə gedən bir keçid yolu - "tranzit zona" kimi qəbul etməli oluruq. Orada dayanmaq və kök salmaq məcburiyyətində deyilik. Bizim sağlam və pozitiv mühit axtarışımız artıq böyük qələbədir. Unutmayaq ki, keyfiyyət kəmiyyətdən həmişə üstündür. Paxıllar ordusunun sayı çox ola bilər, amma onların heç birində bizim malik olduğunuz daxili işıq və nizam yoxdur.
Qorxulusu odur ki, insanların belə xarakteri cəmiyətin sosial xarakterinə çevrilmə təhlükəsi yaradır. Bu, artıq fərdi problem olmaqdan çıxıb, cəmiyyətin ortaq travmasına və kollektiv psixologiyasına çevrilir. İnsanın başqasının sadəcə varlığına, nəfəs almasına, sağlam və uğurlu olmasına bu qədər aqressiya ilə yanaşması cəmiyyətin sosial mənada xəstələndiyini göstərir. Bizim "niyə ölmürsən, niyə yaşlanmırsan?" kimi hiss etdiyimiz o baxışlar, əslində həmin insanların daxilindəki dərin ümidsizliyin və məhv olmuş arzuların əks-sədasıdır, "mən bədbəxtəmsə, hamı bədbəxt olsun" sindromudur. Kollektiv depressiyada olan cəmiyyətlərdə fərdi xoşbəxtlik və uğur bütöv qrupa qarşı bir üsyan kimi qəbul edilir. İnsanlar qarşılarındakının uğurunun və ya şıq görünüşünün arxasındakı əməyi (zəhməti, nizam-intizamı) görmək istəmir, hər şeyi bəxtə bağlayıb paxıllıq edirlər. Deyinmək, pisləmək və nifrət qusmaq cəmiyyətdə normal ünsiyyət formasına çevrilir; təbəssüm və daxili hüzur isə "anormallıq" kimi qarşılanır. Belə zəhərli mühitdə toksik kütlə ilə münasibətdə "emosional karantində" olmağa məcburuq. Onların sözlərini eşitməliyik, amma şüurumuza sızmasına icazə verməməliyik.
Mən tam səmimi olaraq etiraf edirəm, yaşlı, uzunömürlü, sağlam insan görəndə nurlanıram, onları ziyarət etmək, onlara toxunmaq istəyirəm, sanki enerji seli gəlir onlardan mənə, gələcəyə ümidim artır, həyatdolu oluram. Bəli, yaşlı və sağlam insanlar mənim şüurumda fəlakət və qocalıq qorxusunu yox edir, həyatın gözəl və uzunmüddətli ola biləcəyinə dair canlı bir sübut rolunu oynayır. Onların varlığı mənə "Mən də düzgün yaşasam, gələcəkdə belə sağlam və hüzurlu olacağam" mesajını verir. Və bu, həyat eşqimi, motivasiyamı artırır. Ya da eynən Valentin Rasputinin "Son möhlət" povestində Varvaranın yaşantısı kimi. Əsərdə Varvaranın anasının çarpayısı önündə dayanmadan ağlaması və qəfildən gələn bu göz yaşlarının altında bir neçə mühüm psixoloji və bədii səbəb dayanır: Varvara ailənin böyük övladıdır, ananın ölümü onun üçün sadəcə bir valideyn itkisi deyil, həm də öz qocalığının və yaxınlaşan ölümünün rəsmi xəbərdarlığıdır. Ana övladla ölüm arasında dayanan sonuncu mənəvi sipərdir. O gedəndən sonra Varvara artıq "uşaq" deyil, ölümün qarşısındakı növbəti hədəfdir. Varvaranın hıçqırıqları həm də bu qaçılmaz sonluqdan duyduğu daxili qorxunun təzahürüdür.
Paxıl, neqativ püskürən insanları vampirlərə bənzətmək olar. Bəlkə vampirlər elə bunlardır. Mənim bu bənzətməm sadəcə bir məcaz deyil, müasir psixologiyada tam elmi qarşılığı olan bir diaqnozdur. Elm dünyası bu növ insanları rəsmi olaraq "Psixoloji vampirlər" və ya "Enerji vampirləri" adlandırır. Mifologiyadakı vampirlər qanla qidalandığı kimi, bu insanlar da başqalarının pozitiv enerjisi, sevinci, gəncliyi və motivasiyası ilə bəslənirlər. Təsadüfi deyil ki, onlarla qısa bir söhbətdən sonra insan özünü fiziki olaraq yorğun, ağırlaşmış və tükənmiş hiss edir. İnsana öz uğurlarından, sağlamlığından utanmalı olduğunu hiss etdirməyə çalışırlar. Belə vampirlər bizi əsəbiləşdirmək, kefimizi pozmaq üçün qəsdən yaralı yerimizə toxunurlar, çünki biz neqativ reaksiya verəndə onlar daxilən rahatlanırlar.
Miflərdə vampirlər evə yalnız dəvət olunduqda girə bilərdilər. Psixoloji vampirlər də eynidir: biz onların sözlərini ürəyimizə salıb, emosional reaksiya verməyincə, onlar bizim enerjinizi sora bilməzlər. Psixologiya tarixində paxıllıq, qibtə, həsəd hissləri fərqli nəzəriyələrin işığında izaholunandır. Psixodinamik nəzəriyyəyə (Ziqmund Freyd və Melani Kleyn) görə, paxıllıq anadangəlmədir və körpəlikdən başlayır. Körpə ona süd və sevgi verən ananın döşünə qarşı həm asılılıq, həm də paxıllıq ("bütün yaxşı şeylər ondadır, məndə yoxdur") hiss edir. Psixoanalizdə paxıllıq tez-tez proyeksiya (öz daxili uğursuzluğunu başqasına yükləmə) və ya inkar mexanizmləri ilə maskalanır. İnsan öz əskikliyini qəbul edə bilmədiyi üçün qarşı tərəfi qaralayır.
Sosial müqayisə nəzəriyyəsinə (Leon Festinger) görə isə, insanlar öz uğurlarını və statuslarını müəyyən etmək üçün durmadan özlərini başqaları ilə müqayisə edirlər. Özümüzdən daha üstün, zəngin və ya uğurlu gördüyümüz şəxslərlə müqayisə apardıqda paxıllıq və gözügötürməzlik yaranır. Əgər fərq çox böyükdürsə və ona çata bilməyəcəyimizi düşünürüksə, qibtə hissi dağıdıcı paxıllığa çevrilir.
Təkamül psixologiyası (Devid Buss) baxımından paxıllıq və qibtə faydalı adaptasiya mexanizmləri hesab olunur. Qədim dövrlərdə resurslar (qida, sığınacaq, partnyor) məhdud idi. Başqasının statusunu qısqanmaq və ya onun yerində olmaq istəyi (qibtə) fərdi daha çox çalışmağa, rəqabət aparmağa və sağ qalma şansını artırmağa sövq edən bir siqnal funksiyasını daşıyırdı.
Humanistik psixologiyaya (Karl Rocers və Abraham Maslou) görə, insanın hazırkı vəziyyəti (real mənlik) ilə olmaq istədiyi vəziyyət (ideal mənlik) arasında böyük uçurum olduqda daxili gərginlik yaranır. İnsan öz daxili potensialını realizə edə bilməyəndə (Maslounun özünüaktuallaşdırma pilləsi) bunu bacaran şəxslərə qarşı gözügötürməzlik və paxıllıq nümayiş etdirməyə başlayır.
Müasir koqnitiv psixologiya paxıllığı iki yerə ayırır: Ağ paxıllıq deyilən hiss qarşı tərəfə zərər vurmaq istəmir, onun uğurunu motivasiya mənbəyi kimi görür. "Mən də onun kimi olmaq üçün çalışmalıyam" düşüncəsi. Qara paxıllıq adlanan digər hiss qarşı tərəfin uğurunu həzm edə bilməmək və onun əlindəkinin itməsini, uğursuzluğa düçar olmasını istəyir.
Paxıl insanların üstünlük təşkil etdiyi mühit zamanla bütün cəmiyyətin sosial xarakterini, dəyərlərini və davranış normalarını kökündən dəyişə, korlaya bilər. Psixologiya və sosiologiyada bu fenomen "Sistemli toksiklik" və ya "Xərçəng mentaliteti" adlanır. Paxıl insanların cəmiyyətin sosial xarakterinə təsiri aşağıdakı mexanizmlərlə baş verir: bir vedrədəki xərçənglərdən biri kənara çıxmaq istədikdə, digərləri onu ayağından aşağı çəkir. Paxıl mühitdə fərqlənən, uğur qazanan və ya qabaqcıl ideya irəli sürən şəxslər də dərhal cəmiyyət tərəfindən hədəf alınır. Cəmiyyətdə "başını aşağı sal, hamı necədirsə, sən də elə ol" xarakteri formalaşır. İnsanlar tənqid olunmaqdan və qısqanclıq obyektinə çevrilməkdən qorxduqları üçün daxili potensiallarını gizlədirlər.
Paxıllığın idarə etdiyi cəmiyyətlərdə insanlar bir-birinin uğuruna daxilən sevinə bilmirlər. Hər bir müsbət hadisənin arxasında "fırıldaq", "şans" və ya "mənfəət" axtarılır. Sosial münasibətlərdə səmimiyyət itir. Şübhə, qorxu və manipulyasiya əsas ünsiyyət vasitəsinə çevrilir. Bu da sosial parçalanmaya və fərdlərin bir-birindən təcrid olunmasına yol açır. Beləcə, başqasının bədbəxtliyindən, uğursuzluğundan daxili həzz alma hissi (Schadenfreude sindromu) güclənir. Toksik cəmiyyətlərdə bu hiss artıq gizlədilmir, əksinə, sosial xarakterin bir hissəsinə çevrilir. İnsanlar kiminsə yıxılmasını, iflasa uğramasını və ya səhv etməsini gözləyirlər ki, öz daxili əskikliklərini kompensasiya edə bilsinlər. Sosioloq-psixoanalitik Erix Fromm qeyd edir ki, cəmiyyətin sosial xarakteri onun iqtisadi və struktur tələblərinə cavab olaraq formalaşır. Əgər cəmiyyətdə intellekt, zəhmət və dürüstlük deyil, "gözügötürməzlik" və "arxadan vurmaq" aləti öz plana keçirsə, idarəetmə və iş mühiti korlanır. Layiqli insanlar sıxışdırılıb çıxarılır və beyin axını baş verir. Yerdə qalan kütlə bir-birini güdməklə məşğul olur ki, bu da ümumi inkişafı və intellektual səviyyəni aşağı salır.
Toksik cəmiyyətlərdə insan sanki minalanmış ərazilərdə addımlayır, sanki radiasiya zonasında şüalanma qorxusu ilə üz-üzədir. "Minalanmış ərazi" və "radiasiya zonası" bənzətmələri toksik cəmiyyətdə sağ qalmağa çalışan insanın vəziyyətini vizual və psixoloji olaraq ifadə etmək üçün seçdiyim alətdir. Bu, sadəcə bədbinlik deyil, daxili dünyasını və sağlamlığını qorumaq istəyən fərdin qarşılaşdığı real təhlükənin diaqnozudur.
Paxıllığın ən böyük qidası qeybət və böhtandır. Fərdlər öz həyatlarını qura bilmədikləri üçün başqalarının şəxsi həyatını müzakirə obyektinə çevirirlər. Beləliklə, şəxsi sərhədlər anlayışı yox olur. Cəmiyyət daxilində "Kollektiv vicdan" öz yerini "Kollektiv qınaq və nəzarət mexanizminə" verir.
Paxıllığın, gözügötürməzliyin və toksik mühitin cəmiyyəti korlamasının qarşısını almaq və bu bataqlıqdan çıxmaq üçün həm makro (dövlət və təhsil), həm də mikro (fərdi və ailə) səviyyədə sistemli addımlar atılmalıdır. Bu sosial xəstəliyin əsas çıxış yolları kimi nəzərə alınmalıdır ki, təhsil sistemində uşaqları bir-biri ilə müqayisə etmək (məsələn, "bax filankəsin uşağına") dayandırılmalıdır. Qiymətləndirmə fərdin öz keçmişi ilə müqayisəsinə və komanda işinə (kollektiv uğura) əsaslanmalıdır. Cəmiyyətdə uğura gedən yolun yalnız zəhmət, ləyaqət və istedadla mümkün olduğu subut edilməlidir. İnsanlar ədalətə inandıqda başqasının uğuruna olan paxıllıq öz üzərində işləmək motivasiyasına (qibtəyə) çevrilir. Fərd öz daxilindəki paxıllıq hissini tanımağı və qəbul etməyi öyrənməlidir. Paxıllıq əslində daxili bir siqnaldır: "Onda olan və məndə əskik olan nədir?" sualına cavab tapıb, enerjini başqasını qaralamağa deyil, özünü inkişaf etdirməyə yönəltmək lazımdır.
Koqnitiv psixologiya sübut edir ki, insan durmadan diqqətini "məndə nə yoxdur" fokusundan "məndə nə var" fokusuna dəyişdikdə paxıllıq hissi zəifləyir. Öz resurslarının dəyərini bilən insan başqasının resursuna göz dikmir.
Fərdi olaraq bizi aşağı çəkən, qeybət edən, uğurunuza sevinməyən toksik insanlarla ünsiyyəti minimuma endirmək və ya tamamilə kəsmək - sosial gigiyena labüddür.
Mediada və sosial şəbəkələrdə asan və qeyri-qanuni yollarla zəngin olanlar deyil, elmi, sənəti və intellekti ilə fərqlənən real rol modelləri (kumirlər) ön plana çıxarılmalıdır.
Çıxış yolu insanların "başqasının yıxılması hesabına ucalmaq" fəlsəfəsindən imtina edib, "öz potensialını reallaşdıraraq böyümək" düşüncə tərzinə keçməsindədir.
Get-gedə cəmiyyətin sosial xarakterinə çevrilmə riski yaradan insanların bu toksik rəftarının qarşısını necə almaq, cəmiyyəti bu sosial animiyadan necə xilas etmək barədə düşünürkən ən təsirli alət kimi mən təhsili, tərbiyəni, ictimai qınağı və bəlkə də, daha çox bədii ədəbiyyatı görürəm. Bəli, ədəbiyyat vasitəsilə insanlıq katarsis (daxili təmizlənmə) yaşaya bilər. Hərçənd, katarsis yaşamaq üçün insanda özünüifadə və fərqindəlik (öz səhvlərini görmək qabiliyyəti) olmalıdır. Psixoloji vampirlərin və paxıl insanların ədəbiyyat vasitəsilə dəyişməsi prosesi mürəkkəb məsələdir. Əgər bu insanlar oxuduqları əsərdə öz mənfi xarakterlərini (məsələn, Şekspirin Yaqosu və ya Puşkinin Salierisi kimi paxıl personajları) görüb utansalar, bu, onlarda daxili sarsıntı və təmizlənmə yarada bilər. Səviyyəli ədəbiyyat insanın daxilində mürgüləyən şəfqət hissini oyadır. Başqasının acısını kitabda hiss edən kəs real həyatda insanlara qarşı daha yumşaq ola bilir.
İnsanlarda olan bu zəhərli vəziyyət cəmiyyətin sosial xarakterinə çevrilməsin deyə ədəbiyyat katarsis missiyasın yerinə yetirməli, elə ədəbi nümunələr təbliğ olunmalıdır ki, insanlar mənən təmizlənsin, ən azından yeni vampirlər yetişməsin. Ədəbiyyata sadəcə bir əyləncə və ya vaxt keçirmə vasitəsi kimi yox, cəmiyyəti toksiklikdən, paxıllıqdan və mənəvi aşınmadan qoruyan "sosial peyvənd" və missiya kimi baxmalıyıq. Ədəbiyyatın bu katarsis missiyası yalnız kağız üzərində qalmamalı, kino, serial və teatr tamaşaları vasitəsilə vizuallaşaraq kütlələrə çatdırılmalıdır. Vizual sənət oxumayan o kütlənin də qaçıb gizlənə bilməyəcəyi bir güzgüdür.
Hər birimiz anlamalıyıq ki, bir nəfərin xoşbəxt olması mümkünsüzdür. Təkcə sən xoşbəxtsənsə, deməli, təhlükədəsən. Təhlükəsizlikdə olmaq üçün sosio-eko mühit də sağlam və xoşbəxt olmalıdır.