Tolerantlıq üzrə dünyada model TƏHLİL

12.10.2026

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Tarixin müxtəlif dönəmlərində Azərbaycan tolerant mühiti, multikultural dəyərləri ilə seçilən məkan olub. Ölkəmiz hər zaman sülsevər dövlət kimi, dünyaya multkultural dəyərələrini, tolerant mütiti ilə özünün xoşməramlı mesajlarını göndərir. Bütün dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr mövcud mühitin təzahürüdür. Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar. Azərbaycan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətdir. Bu baxımdan, Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Bu gün ölkəmizdə 2250 məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir. Bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edir və qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayırlar. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar.

Azsaylı xalqların mədəniyyətinin təbliğində geniş imkanlar

Azərbaycanda yaşayan milli azlıqların folklorunun, mədəniyyətinin geniş təbliği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Elə xalq kollektivləri var ki, onlar nəinki respublikamızda, eyni zamanda, bir çox xarici ölkələrdə də məşhurdurlar. Saatlının "Adıgün" – Axıska türkləri, Cəlilabadın "Ruçeyok" - rus, Qaxın "Şividkatsa" - gürcü, Zaqatalanın "Ceyranım" - saxur, Qubanın tat, yəhudi, Qusarın "Trillo", "Şahnabat", "Mel", "Qayıbulaq", "Şahdağ", "Dustaval" və "Melodiya" - ləzgi, Laçının kürd, Balakənin "Xoylo" - avar, Lənkəranın "Şənlik", “Bacılar" folklor mahnı və rəqs, Masallı rayonu "Halay", Lerik rayonunun “Laqutto”, Astaranın "Sevinc" - talış, İsmayıllı rayonu İvanovka kənd mədəniyyət evinin - malakan, Bakı şəhərindəki “Gözəlim” tatar bədii özfəaliyyət kollektivləri bu qəbilədəndir. Ölkəmizdə dözümlülük ənənələrinin qorunub saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz böyük töhfəsini verir. Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli ilə yaradılıb. Müstəqil Azərbaycanın Banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.

Bu gün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir"- deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib. Belə bir ölkə multikultural və tolerant dövlət kimi də tanınır. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar.

DÜNYA MİQYASINDA XRİSTİAN İRSİNİN QORUNMASINA TÖHFƏ

Vurğulayaq ki, ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa edilir. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-cı ilin oktyabr ayında respublikamıza səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirmişdi. Son illərdə Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Bundan əlavə, Qəbələdəki Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb. O cümlədən, Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Azərbaycan təkcə ölkə daxilində deyil, dünya miqyasında da xristian irsinin qorunmasına töhfələr verib. Ölkəmizin dəstəyi ilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası və s. ölkəmizin dini tolerantlığının nümunəsidir. Bütün bunlarla yanaşı, Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən erməni kilsəsi bərpa edilib. Çox təəssüfedici haldır ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdılıb. Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı digər beynəlxalq təşkilatlara təqdim edilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz iyrənc simalarını göstəriblər. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib.

Artıq zaman yetişib. Azərbaycan işğaldan azad olunan bütün ərazilərimizdə olan tarixi, dini abidələrimizi məscidləri tikir, yenidən bərpa edir. 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilən ərazilərdə geniş tikinti və quruculuq işlərinin aparılması ilə yanaşı bu ərazilərdə erməni vandallarının dağıtdığı milli irisi yenidən bərpa edərək, inkişaf etdirilməsinə xüsusi önəmin verilməsidir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" festivalının Şuşanın azadlığa qovuşmasından dərhal sonra, eyni zamanda 2022-ci ilin mayında yenidən təşkil olunaraq yüksək səviyyədə keçirilməsi Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha dünyaya nümayişi etdirdi. Festivalda ölkəmizdə yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının bir-birindən maraqlı çıxışları bütövlükdə festivalın rəngarəngliyini daha da artırdı. Bu bir faktdır ki, Azərbaycandakı bütün xalqların təmsilçiləri 44 günlük Vətən müharibəsində misilsiz fədakarlıqlar göstərdilər və Şuşada keçirilən festivalda onların iştirakı böyük sevincə səbəb oldu. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev festival çıxışında demişdir: "Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır". Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq, hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırmış oldular. Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycan "tolerant ölkədən tolerant dünyaya doğru" şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью