Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azad edilmiş ərazilərin minalardan təmizlənməsində ABŞ texnologiyası nələr vəd edir?
Azərbaycan üçün mina problemi müharibədən miras qalan, lakin təsiri bu gün də davam edən problemlərdəndir. Torpağın altında qalan hər mina yalnız potensial təhlükə deyil, həm də həmin ərazidə həyatın, iqtisadi fəaliyyətin və sosial inkişafın qarşısında görünməz bir maneədir.
Bu baxımdan Azərbaycanın ABŞ-dan mina təmizləmə sahəsində dəstək gözləntisi texniki əməkdaşlıq məsələsi kimi qiymətləndirilə bilməz. Söhbət böyük və uzunmüddətli bir problemin daha müasir texnologiyalar, yeni yanaşmalar və beynəlxalq təcrübə hesabına həllindən gedir. Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim avqustun 12-də “Axios”a müsahibəsində məhz bu məsələyə diqqət çəkib. O bildirib ki, Azərbaycan adambaşına düşən göstəriciyə görə dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir və yeni texnoloji imkanların bu problemin həllinə kömək edə biləcəyinə ümid edir. Səfirin sözlərinə görə, dünyada bu istiqamətdə istifadə oluna biləcək çoxsaylı texnoloji nailiyyətlər var və Azərbaycan onların tətbiqi sahəsində ABŞ-la əməkdaşlıq etmək istəyir.
Əslində, bu açıqlamada mühüm bir məqam var. Azərbaycan yalnız mina təmizləyən texnika əldə etmək istəmir. Daha geniş yanaşma ondan ibarətdir ki, müasir texnologiyalar prosesin bütün mərhələlərinə, o cümlədən ərazinin araşdırılmasına, risklərin müəyyənləşdirilməsinə, xəritələndirməyə, təmizləmə işlərinin planlaşdırılmasına və nəticələrin qiymətləndirilməsinə cəlb edilsin. Burada xüsusilə xəritələndirmə məsələsi ön plana çıxır. Minatəmizləmədə ilk addımlardan biri təhlükəli sahələrin mümkün qədər dəqiq müəyyənləşdirilməsidir. Ərazidə hansı risklərin mövcud olduğunu bilmədən insanları həmin sahəyə göndərmək həm təhlükəli, həm də vaxt aparan prosesdir. Buna görə peyk görüntüləri, dronlar, müxtəlif sensorlar, rəqəmsal xəritələr və süni intellekt əsaslı məlumat təhlili minatəmizləmə qruplarının işini daha dəqiq planlaşdırmağa kömək edə bilər. Səfir ABŞ ilə bu sahədə əməkdaşlığı önə çəkir.
Əlbəttə, bu texnologiyaların heç biri minanı “möcüzəvi şəkildə” tapıb zərərsizləşdirmir. Onların əsas üstünlüyü böyük ərazilərə dair daha çox məlumat toplamaq, riskli sahələri prioritetləşdirmək və insanların təhlükəli ərazilərə daxil olmasına ehtiyacı mümkün qədər azaltmaqdır. Başqa sözlə, texnologiya burada insan əməyini tam əvəz etməkdən daha çox, onun daha təhlükəsiz və səmərəli təşkilinə xidmət edir. İki dövlətin əməkdaşlığını gündəmə gətirir. Onu da qeyd edək ki, ABŞ bu baxımdan Azərbaycan üçün yeni tərəfdaş deyil. İki ölkə arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın tarixi 1990-cı illərin sonlarına gedib çıxır. ABŞ Dövlət Departamentinin məlumatına görə, 1999–2014-cü maliyyə illəri ərzində Vaşinqton Azərbaycanda mina və partlamamış hərbi sursatların təmizlənməsi, təlim, avadanlıq və humanitar minatəmizləmə imkanlarının gücləndirilməsi istiqamətlərinə 30,1 milyon dollardan çox vəsait ayırıb. Əməkdaşlığın konkret nümunələri də var. 2006-cı ildə ABŞ tərəfindən Azərbaycana “Rhino” ağır mexaniki mina təmizləmə maşını və partlayıcı sursatların zərərsizləşdirilməsi üçün EOD robotu təqdim edilmişdi. Həmin dövrdə ABŞ tərəfindən maliyyələşdirilən proqram çərçivəsində mina aşkarlayan itlərin də Azərbaycana gətirilməsi həyata keçirildi.
Sonrakı illərdə “Marshall Legacy nstitute” də bu istiqamətdə Azərbaycana dəstəyini davam etdirib. “Axios”un son məlumatına görə, təşkilat 2005-ci ildən etibarən Azərbaycanın Minatəmizləmə Agentliyinə 90-dan çox mina aşkarlayan it təqdim edib. Bu faktlar göstərir ki, Azərbaycanla ABŞ arasında minatəmizləmə sahəsində əməkdaşlığın artıq müəyyən təməli var. İndi isə həmin təcrübəni yeni texnologiyalarla daha geniş mərhələyə daşımaq mümkündür. Əvvəllər əsas diqqət mexaniki texnika, mina aşkarlayan itlər və mütəxəssis hazırlığına yönəlirdisə, bu gün prosesə pilotsuz sistemlər, uzaqdan idarə olunan maşınlar, müasir sensorlar, yüksək dəqiqlikli xəritələndirmə və məlumatların avtomatlaşdırılmış təhlili kimi imkanların əlavə edilməsi gündəmdədir. Səfir Xəzər İbrahim də əməkdaşlıqdan danışarkən bunu nəzərdə tutur.
Burada Azərbaycanın öz təcrübəsi də əhəmiyyətlidir. Çünki mina ilə çirklənmiş ərazilərdə illərdir aparılan işlər nəticəsində ölkədə kifayət qədər peşəkar kadr və institusional təcrübə formalaşıb. Deməli, söhbət sıfırdan sistem qurmaqdan yox, mövcud imkanları daha müasir texnologiyalarla gücləndirməkdən gedir.
Bu əməkdaşlığın maliyyə tərəfi də az əhəmiyyət daşımır. Minatəmizləmə bahalı, mürəkkəb və uzunmüddətli prosesdir. Ərazinin araşdırılması, xəritələndirilməsi, avadanlığın alınması, mütəxəssislərin hazırlanması, təhlükəsizlik tədbirləri və texniki xidmət ciddi resurs tələb edir. Üstəlik, mina probleminin miqyası nəzərə alındıqda bu, bir neçə il ərzində başa çatacaq adi layihə deyil. Davamlı maliyyə və uzunmüddətli proqramlaşdırma tələb edən prosesdir.
2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planlaşdırılır. Bu ilin əvvəlində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) konkret minatəmizləmə xidmətləri üzrə bir sıra müqavilələri də olub. Məsələn, yanvarda üç şirkətlə bağlanmış müqavilələrin ümumi dəyəri 44,99 milyon manat, digər bir müqavilənin dəyəri isə təxminən 15 milyon manat təşkil edib. Bundan başqa, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə təxminən 7,02 milyon manatlıq müqavilə də bağlanıb.
Məsələnin əsl mahiyyəti isə rəqəmlərdən daha böyükdür. Mina təhlükəli ərazi investor üçün əlavə risk yaradır. Təhlükəsizliyi təmin olunmayan kəndə insanların qayıdışı isə mümkün deyil. Buna görə hər təmizlənən ərazi əslində həyata qaytarılan bir sahədir. Xəzər İbrahimin açıqlamasının əhəmiyyəti də məhz burada ortaya çıxır. Məsələ yalnız ABŞ-dan texnika almaq deyil. Daha səmərəli model texnologiya, maliyyə, bilik və insan kapitalının bir araya gətirilməsidir. Azərbaycana yalnız mina təmizləyən maşın verilməsi kifayət deyil. Həmin texnikanı idarə edən mütəxəssis, ərazini xəritələndirən sistem, toplanan məlumatı təhlil edən proqram təminatı, texniki xidmət göstərə bilən kadr və bütün prosesi koordinasiya edən institusional imkan da lazımdır.
Bu səbəbdən gələcək ABŞ–Azərbaycan əməkdaşlığının ən faydalı istiqamətlərindən biri texnologiyanın Azərbaycanda mənimsənilməsi və yerli mütəxəssislərin hazırlanmasıdır. Belə yanaşma qısamüddətli texniki yardımdan daha böyük nəticə verir. Çünki məqsəd yalnız bugünkü minaları təmizləmək deyil, Azərbaycanın gələcəkdə də bu sahədə daha güclü və müstəqil imkanlara malik olmasıdır.
Azərbaycanla ABŞ arasında münasibətlərin müxtəlif sahələrdə genişləndiyi bir dövrdə minatəmizləmə də praktiki əməkdaşlıq üçün mühüm istiqamətə çevrilməlidir. Süni intellekt, enerji və digər texnoloji sahələrdə əməkdaşlığın genişlənməsi fonunda mina probleminin həllinə yeni texnologiyaların cəlb edilməsi tərəfdaşlığın humanitar və sosial ölçüsünü də gücləndirə bilər. İndi əsas məsələ bu niyyətlərin konkret layihələrə çevrilməsidir. Bir həqiqət aydındır: Azərbaycanın mina problemi yalnız keçmişdən qalan təhlükə deyil, bu günün inkişafına təsir edən amildir. Ona görə də mübarizənin məqsədi, sadəcə, daha çox mina aşkarlamaq deyil. Əsas məqsəd torpağı daha təhlükəsiz, daha sürətli və daha səmərəli şəkildə həyata qaytarmaqdır. Torpağın altındakı təhlükəni aradan qaldırmaq, əslində, torpağın üstündəki həyata daha geniş yol açmaqdır.
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bilkdirib ki, “Kəlbəcər və Xocavənd rayonlarında mülki şəxslərin yaxın zamanda minalara düşməsi göstərir ki, azad edilmiş ərazilərdə mina çirklənməsi bu gün də ciddi problem olaraq qalır. ANAMA artıq, təxminən, altı ildir ki, Qarabağ və Şərqi Zəngəzurda hər gün minatəmizləmə işləri aparır, lakin təhlükə hələ də qalmaqdadır. Azərbaycan bu təhlükə ilə daim mübarizə aparır, lakin ekspertlərin qiymətləndirmələrinə görə, qarşıda hələ çox iş var… Problemin ciddiliyini artıran əsas amillərdən biri də odur ki, minalar yalnız qoşunların təmas xətti boyunca deyil, mühüm infrastrukturun yerləşdiyi, demək olar ki, hər yerdə basdırılıb. Çünki Qarabağı minalayan işğalçılar gec-tez Azərbaycanın öz torpaqlarını azad edəcəyini gözləyirdilər.
Nəticədə, çaylara gedən yollar, avtomobil yolları, elektrik transformatorları, yaşayış binaları, hətta qəbiristanlıqlar belə minalanıb. Buna görə də bütün Qarabağ və Şərqi Zəngəzurun minalardan tam təmizlənməsinə hələ illər lazım olacaq”.
Pünhan ƏFƏNDİYEV
XQ