Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik,
İlk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı tərəfindən "İstiqlal" ordeni kimi yüksək təltifə layiq görülməsi münasibətilə Xalq rəssamı Fərhad Xəlilovu ürəkdən təbrik edirəm.
Bu, böyük ənənələri olan Azərbaycan rəssamlıq sənəti sahəsində Fərhad Xəlilovun xidmətlərinə verilmiş yüksək qiymətin ifadəsi olmaqla bərabər, həm də ölkəmizdə yaradıcı ziyalılara, elm adamlarına göstərilən daimi diqqət və qayğının da əməli ifadəsidir. Bu əlamətdar sənət hadisəsinə görə möhtərəm cənab Prezidentimizə ölkəmizin yaradıcı ziyalıları və elmi ictimaiyyəti adından minnətdarlığımızı ifadə etməyi özümə borc bilirəm.
Fərhad Xəlilov hələ sovet hakimiyyəti illərində sosialist realizminin ideoloji buxovlarını adlayaraq Azərbaycan reallığını və sərbəst sənətkar mövqeyini ifadə edən düşündürücü əsərlər yaratmışdır. XX əsrin altmışıncı illərində çəkdiyi "Çağırış" rəsmində ifadə olunan fərqli siyasi mövqe dövrün yüksək dairələrində narahatlıq doğurmuş, müzakirələrə səbəb olmuşdur. Bununla belə, istedadı və zəhməti ilə diqqəti cəlb edən Fərhad Xəlilov 1969-cu ildə, 23 yaşında ikən SSRİ Rəssamlıq İttifaqının üzvü seçilmişdir. Bu, nəinki o dövr üçün, ümumiyyətlə, İttifaqının tarixində nadir hadisədir.
Müstəqillik illərində çəkdiyi rəsmlərdə Fərhad Xəlilov Abşeron torpağının timsalında Azərbaycanın heç də hər kəsin adi nəzərlərlə baxarkən asanlıqla görə bilmədiyi qeyri-adi gözəlliklərini kəşf etmişdir. Mənsub olduğu Abşeron rəssamlıq məktəbinin yenilikçi, novator mövqeyə bu məktəb istedadlı nümayəndələrinin yaratdığı rəqabət mühiti cavan rəssamın da özünün dəst-xəttini, fərqli yaradıcılıq üslubunu müəyyən etmək və təsviri sənətdə imzasını təsdiqləmək üçün ciddi axtarışlar aparmışdır.
Fikrimizcə, yaradıcılığında xüsusi yer tutan "Gözlənilməz baxış" silsiləsinin adındakı "Gözlənilməz" sözü onun bənzərsiz sənətinin kodlarını təsviri sənətin dili ilə ifadə edən açardır. Fərhad Xəlilov həm mövzu-ideya və həm də rəngləri, rəsm texnologiyası baxımından da gözlənilməz gedişlər edən qeyri-adi fırça ustadıdır. Əslində Fərhad Xəlilovun sənətində gözlənilməzlik onun hələ sərgilərə çıxardığı ilk rəsm əsərlərindən etibarən nəzərə çarpmışdır. Məsələn, Fərhad Xəlilov 1967-ci ildə çəkdiyi "Goradildə" tablosunda əşyaların üzərində nəqş etdiyi daşların üzərindəki göz işarələri ilə Bakı bağları mövzusuna yeni motiv gətirmişdir. Bununla Fərhad Xəlilov Abşeron məktəbi üçün xarakterik olan folklor motivlərinə qayıdışın təzahürünü tapmışdır. Sonralar, 1990-cı illərdə "Gözlənilməz baxış" silsiləsindən olan başqa bir rəsm əsərində dalğaların üzərində köçürdüyü göz işarələri ilə Fərhad Xəlilov Abşeron Təpəgözünü yaratmağa müvəffəq olmuşdur. Bunlar Fərhad Xəlilovun sənətində avanqardizmin təməllərinə çevrilmişdir.
Xalq rəssamı Fərhad Xəlilov əsasən tünd rənglərə üstünlük vermişdir. Onun ən çox istinad etdiyi rənglərdən hər biri yurdumuzun ecazkar gözəlliklərinin fərqli cəhətdən mənalandırılmasına xidmət edir. Həm də Fərhad Xəlilovun rəsmlərindəki rəngin özünəməxsus fəlsəfəsi vardır. Məsələn, Fərhad Xəlilov avqust ayının qızmarında Abşeron təbiətinin sərinliyini göstərmək üçün damların pəncərələrini yaşıl və mavi rənglərlə boyamışdır. Yaşıl rəng isti, bürkülü Abşeron koloritinə bahar nəfəsi daxil etmiş, mavi rəng isə dənizin sərinliyinin ab-havasını yaratmağa xidmət etmişdir.
Fərhad Xəlilovun "Gözlənilməz baxış" silsiləsindən çəkdiyi bir rəsm əsərində bacadan görünən üfüqü mavi rəngdə deyil, ağ rəngdə təsvir etməsi də gözlənilməzlik əlamətidir. Buradakı baca boydakı ağ rəng ən çətin məqamda da ümidlə yaşamağı mənalandırır. O, "Albomdan" silsiləsindən olan başqa bir rəsm əsərində də qara buludların əhatəsində təqdim etdiyi yeganə pəncərədə görünən mavi işıqla da ümid notlarını ifadə etmişdir. Bunlar Azərbaycan təsviri sənətində fərqli baxışlardır.
Təsviri sənət əsərlərində təzad yaratmaq baxımından da fərqli yol tutmuşdur. Onun əsərlərində Azərbaycan rəssamlığında mövcud olan ağ-qara rənglər fərqli olaraq, tünd qırmızı ilə qara rəngin yaratdığı təzaddan istifadə olunmuşdur. Hətta qırmızı və qara rənglər əsasında təsvir olunmuş həndəsi fiqurları "Görüş" adlandırmaqla da Fərhad Xəlilov daha bir gözlənilməz avanqard baxışı meydana qoymuşdur. Beləliklə, Fərhad Xəlilov təzadlarında işıq-kölgə effekti yaratmaqdan çox ictimai-fəlsəfi fikirlər ifadə etməyə çalışmış və buna nail olmuşdur. Yaradıcılığının bütün mərhələlərində Fərhad Xəlilov həyat və sənət həqiqətlərinə sadiq qalmış, milli və bəşəri dəyərlərini rəsm etmişdir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyi münasibətilə imzaladığı təbrik məktubunda dəqiq ifadə edildiyi kimi, Fərhad Xəlilovun ecazkar rəsmləri özünəməxsus "estetik mükəmməlliyə" malikdir.
Fərhad Xəlilovun yaradıcılığında portret janrı geniş yer tutmur. O, cəmi bir neçə adamın portretini və özünün avtoportretini çəkmişdir. Lakin o, böyük məharətlə Abşeron torpağının timsalında Azərbaycanın bənzərsiz portretini yaratmışdır. "Torpağın rəngləri" Fərhad Xəlilova məxsus Abşeron portretləri silsiləsidir. Üslub orijinallığı baxımından Abşeron rəsmləri həm də Fərhad Xəlilovun özünün sənət avtoportretidir.
"Torpağın rəngləri" rəsmlər silsiləsi Fərhad Xəlilovun vətən və torpaq sevgisinin rənglər vasitəsi ilə ifadə olunmuş dastanıdır.
"Görüş" rəsmlər silsiləsi torpaqla səmanın, xəyalla gerçəkliyin sintezi və vəhdətidir. Hətta Fərhad Xəlilovun "Görüş" serialında dağ şəlaləsini ağ və mavi rənglərdə canlandırmış, rənglər bir-birinə qovuşmuşdur.
"Gözlənilməz baxış" silsiləsi ilə Fərhad Xəlilov avanqard rəssamlığın gözlənilməzliklərinin möhürüdür.
Azərbaycan Rəssamlar Birliyinin Sədri, Xalq rəssamı Fərhad Xəlilov müasir dövrdə Azərbaycan avanqard rəssamlıq məktəbinin görkəmli yaradıcısıdır. O, avanqard rəssamlığa müəyyən fiqurları təsvir edən naturalar çəkməklə gəlsə də, az sonra realizmə maraq göstərmiş, avanqardizmə gəlib çıxmışdır.
Fərhad Xəlilovun avanqard rəsmləri Azərbaycanımızı xalqımıza və dünyaya müasir sənətin dili ilə təqdim etməkdə davam edən nadir sənət nümunələridir. Son illərdə çəkdiyi "Əncir ağacları" silsiləsi ilə Fərhad Xəlilovun sənətindəki daha bir gözlənilməzliyi təqdim etmişdir. Belə ki, o, Abşeron məktəbində tez-tez müraciət olunan əncir, tut, nar kimi detalları arxa planda təsvir edən Fərhad Xəlilov "Əncir ağacları" silsiləsi ilə yerli koloriti əks etdirən bu motivləri epizodik təsvirlərdən çıxarıb, əsas obrazlar sırasına çatdırmışdır. "Əncir ağacları" rəsmlər silsiləsinə çevirən Fərhad Xəlilov Abşeron motivləri silsiləsini tamamlamışdır.
"Əncir ağacları" rəsmləri silsiləsi Fərhad Xəlilovun həmişəyaşıl sənət dünyasının davam etməkdə olduğunu meydana qoyur.
"Əncir ağacları" - Abşeron rəssamlıq məktəbinin emblemi missiyasını ifadə edir.
"Əncir ağacları" - Fərhad Xəlilovun həyat və sənət eşqinin rəmzidir.
Azərbaycan təsviri sənətinin böyük ustadını - Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyi münasibətilə təbrik edir, daha böyük sənət uğurları və möhkəm cansağlığı arzu edirəm.
27 oktyabr 2026-cı il.