Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsinin 6,5 faiz səviyyəsində saxlanılması, faiz dəhlizinin yuxarı həddinin 7,5 faizdə qorunması, aşağı həddinin isə 0,5 faiz bəndi azaldılaraq 5 faizə endirilməsi bank sektorunda likvidliyin idarə olunması və pul bazarının aktivləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.
Onun sözlərinə görə, əsas dəyişiklik faiz dəhlizinin aşağı hissəsində baş verib: “Bu isə banklararası bazarda pul resurslarının hərəkətliliyinin artırılmasına, bankların öz aralarında daha aktiv əməliyyat aparmasına və mövcud likvidliyin iqtisadiyyata daha effektiv ötürülməsinə şərait yarada bilər”.
Sədr hesab edir ki, hazırda bank sektorunda struktur likvidlik profisiti 6,3 milyard manatdır ki, bu göstərici 2025-ci ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb: “Eyni zamanda, təminatsız pul bazarında AZIR üzrə orta günlük faiz sentyabrın ötən dövründə 6,02 faizə qədər enib. Bu onu göstərir ki, bank sistemində resurs qıtlığından daha çox, artıq likvidliyin səmərəli yerləşdirilməsi məsələsi gündəmdədir”.
Vüqar Oruc hesab edir ki, bu qərar daşınmaz əmlak bazarına təsirsiz ötüşməyəcək: “Belə ki, aşağı həddin 5 faizə endirilməsi kredit faizlərinin avtomatik olaraq 0,5 faiz bəndi ucuzlaşacağı olmasa da, bankların maliyyələşmə imkanlarının və banklararası bazardakı əməliyyatların genişlənməsi üçün daha əlverişli şərait yarana bilər. Bu proses kredit bazarına ötürüldüyü halda likvidlik, banklararası bazar, kredit resursları, kredit tələbi, investisiya və istehlak və son nəticədə daşınmaz əmlak tələbi zənciri formalaşa bilər. Məhz bu səbəbdən faiz dəhlizindəki dəyişiklik daşınmaz əmlak bazarı üçün də dolayı, lakin əhəmiyyətli siqnaldır”.
Ekspert bildirib ki, 2026-cı ilin II rübündə mənzil bazarında qiymətlər illik müqayisədə 8,5 faiz, ilkin mənzil bazarında isə 11,0 faiz artıb: “Yəni bazarda qiymət artımı artıq mövcuddur və monetar şəraitdəki yumşalma bu tendensiyanı əlavə olaraq dəstəkləyə bilər. Burada üç əsas kanal işləyə bilər. İpoteka və digər kredit resurslarının əlçatanlığında yaxşılaşma baş verərsə, mənzil almaq imkanına malik potensial alıcıların sayı arta bilər.
Bank depozitlərinin gəlirliliyi ilə daşınmaz əmlakın gəlirlilik gözləntiləri arasındakı fərq investorların qərarlarına təsir edir. Faizlərin tədricən aşağı düşməsi daşınmaz əmlakın investisiya alternativi kimi marağını artıra bilər. Maliyyələşmənin genişlənməsi yeni tikinti layihələrinin sayını və tikinti aktivliyini dəstəkləyə, bu isə xüsusilə perspektivli ərazilərdə torpağa tələbi artıra bilər”.
Torpaq bazarının dinamikasının mənzil bazarından getdikcə daha çox fərqləndiyinə diqqət çəkən sədr qeyd edib ki, mənzildə qiymət formalaşmasına kredit, gəlirlər, ipoteka imkanları və tikinti xərcləri təsir edirsə, torpaqda bunlara əlavə olaraq şəhərsalma, infrastruktur, əraziyə gələcək investisiyalar, təklifin məhdudluğu və kommersiya potensialı çox ciddi rol oynayır: “Ona görə də faizlərin aşağı istiqamətdə hərəkəti davam edərsə, bunun torpaq bazarında təsiri bəzi lokasiyalarda mənzil bazarından daha güclü hiss oluna bilər. Xüsusilə Bakı və Abşeronun yeni infrastruktur dəhlizləri, nəqliyyat layihələri və inkişaf perspektivi olan ərazilərində torpağın investisiya cəlbediciliyi yüksələ bilər”.
Ekspert bildirib ki, mövcud monetar və bazar şərtləri dəyişməz qalarsa, 2026-cı ilin sonuna qədər daşınmaz əmlak seqmentləri üzrə qiymətlər aşağıdakı kimi ola bilər.
Seqment 2026 üzrə gözlənti:
Yeni mənzillər 12–15%
Köhnə mənzillər 8–12%
Kotlovan mərhələsi 13–17%
Torpaq 16–22%
Qeyri-yaşayış obyektləri 10–13%
Fərdi yaşayış evləri 9–14%
Ekspert bildirib ki, Mərkəzi Bank uçot dərəcəsini 6,5 faizdə saxlamaqla yanaşı, yuxarı həddi də 7,5 faizdə saxlayıb. Bu, inflyasiya risklərinin hələ də nəzərə alındığını göstərir: “Avqust ayında illik inflyasiya 5,7 faiz, baza inflyasiya isə 5,1 faiz olub. Mərkəzi Bank qlobal enerji və ərzaq qiymətləri ilə bağlı risklərin qaldığını bildirir. Digər tərəfdən, valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi və Mərkəzi Bankın valyuta ehtiyatlarının 8 ayda 32,9 faiz artaraq 15,3 milyard dollara çatması manatın məzənnəsi və makroiqtisadi sabitlik baxımından da mühüm göstəricilərdir”.
Vüqar Oruc onu da əlavə edib ki, növbəti faiz qərarından sonra artıq bunun daşınmaz əmlak bazarına təsirindən daha əminliklə danışmaq mümkün olacaq: “Daşınmaz əmlak bazarında qiymətinı təsir göstərən amillər çoxdur. Əsas məsələ pulun iqtisadiyyata hansı sürətlə daxil olması, kreditləşmənin genişlənməsi, əhalinin alıcılıq qabiliyyəti və yeni təklifin tələbi nə dərəcədə qarşılamasıdır. Mərkəzi Bankın son qərarı düzgün kredit ötürülməsi baş verdiyi halda əmlak bazarında mövcud artım trendini dəstəkləyə biləcək qərardır. Xüsusilə torpaq və kotlovan seqmentləri bu monetar dəyişikliklərə daha həssas ola bilər”.